"Fənərbaxça"nın makedoniyalı futbolçusu Elyif Elmasın İtaliya təmsilçisi "Napoli"yə keçidi rəsmiləşmək üzrədi. Matc.az xəbər verir ki, 19 yaşlı futbolçu artıq İstanbul təmsilçisindən ayrılıb.

Bununla əlaqədar Elmas komandanın Avstriya toplanışına aparılmayıb. Futbolçu özü isə əşyalarını toplayaraq İstanbul klubunun bazasından ayrılıb. O, sosial şəbəkə hesabında həmin anın videosunu paylaşıb və Türkiyə ilə vidalaşıb. Elmasın qısa zaman içində İtaliyada tibbi yoxlanışdan keçərək "Napoli" ilə rəsmi müqavilə imzalaması gözlənilir.

19 yaşlı futbolçu 2017-ci ildə Makedoniyanın "Rabotniçki" klubundan 295 min avroya "Fənərbaxça"ya transfer olunmuşdu. Türkiyə mətbuatının yazdığına görə, İstanbul klubu bu futbolçunu "Napoli"yə 60 qat bahasına – 16 milyon avroya satıb. "Fənərbaxça"nın bonuslarla birlikdə bütövlükdə 17,5 milyon avro gəlir əldə edəcəyi bildirilir. üstəlik, Elmasın növbəti satışından da Türkiyə təmsilçisinə müəyyən faiz ödəniləcək.

Beləcə, Elmas "Fənərbaxça" tarixində ən çox gəlir gətirən futbolçuya çevrilib. Sözügedən klubda bu baxımdan əvvəlki rekord Mussa Souda idi. O, 2015/16 mövsümündə 16 milyon avroya "Əl Əhli"yə satılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest