"Səbail"də bu gün klubdaxili iclas keçirilib. Matc.az xəbər verir ki, toplantıda klubun taleyi ilə bağlı gözlənilməz qərarlar verilib.
 
Futbolinfo.az saytına günorta saatlarında müsahibə verən baş məşqçi Aftandil Hacıyev klubda müəyyən dəyişikliklərin olmasının mümkünlüyünü diqqətə çatdırmışdı. O, futbolçulara 2 aydı maaş verilmədiyi xəbərini təsdiqləmiş, bugünkü iclasda hər şeyə aydınlıq gələcəyini bildirmişdi.
 
İclas başa çatdıqdan sonra Hacıyev yenidən açıqlama verib. O, klubun icraçı direktoru Ramin Həsənovun bütün kollektivi bir yerə topladığını və xəbərdarlıq etdiyini bildirdi: "Rəhbərlik maliyyə çatışmazlığı olduğunu, gecikmələrin il boyunca davam edə biləcəyini bildirdi. Bu səbəbdən getmək istəyən oyunçuları danışığa çağırdı. Qalmaq istəməyənlər rəhbərliklə müqavilələrin qarşılıqlı razılıqla pozulması üçün danışıq apara bilər. Şəxsən mənimlə bağlı heç nə deyilmədi. Proseslərin necə davam edəcəyini gözləyəcəyik. Hələlik başqa heç nə deyə bilmərəm".
 
Əldə etdiyimiz məlumata görə, "Səbail" bu mövsüm gənclərlə oynamaq, gələn çempionatda isə çıxışını birdəfəlik dayandırmaq niyyətindədi. Nəinki legionerlər, artıq aparıcı yerli futbolçular da yeni iş yeri axtarışına başlayıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest