"Hər turun oyunları diqqət mərkəzində saxlanılır, oyunlardan sonra müvafiq təhlillər aparılır". Matç.az saytı xəbər verir ki, bunu AFFA-nın Hakimlər Departamentinin sədri Fritz Stuxlik deyib.

O, qurumun rəsmi saytına açıqlamasında Topaz Premyer Liqasının IX turu çərçivəsində keçirilmiş "Sumqayıt" – "Qəbələ" oyununun baş hakimi Orxan Məmmədovun idarəçiliyi dəyərləndirib.

Stuxlik eyni zamanda həmin qarşılaşmadan sonra müxtəlif mənbələrdə səsləndirilən ayrı-ayrı fikirlərə münasibət bildirib: "Son günlərin müzakirə mövzusuna çevrilmiş "Sumqayıt" – "Qəbələ" oyunundan sonra səsləndirilən bəzi fikirlərlə tanışıq. Hakimlər Komitəsi bir müddət əvvəl bütün hakimlərə, hakim-inspektor və AFFA nümayəndələrinə yazılı şəkildə bildirib ki, oyun dövrü istisna olunmaqla, klub nümayəndələri ilə hər hansı şəkildə ünsiyyət qurulmamalıdı. Əgər zərurət yaranarsa, Hakimlər Komitəsi tərəfindən mərkəzləşdirilmiş qaydada elektron poçt vasitəsilə əlaqə saxlanılmalı, klub rəsmiləri ilə telefon danışığı da olmamalıdı. Müzakirə mövzusu olan məsələ ilə bağlı Hakimlər Komitəsinə bu günə qədər klub tərəfindən rəsmi müraciət daxil olmasa da, komitə bu məsələnin araşdırılmasına başlayıb. Araşdırma başa çatana qədər "Sumqayıt" – "Qəbələ" oyununun baş hakimi Orxan Məmmədov təyinat almayacaq. Bir daha qeyd edirəm ki, hakimlər, hakim-inspektorlar və AFFA nümayəndələri təkcə təyinat aldıqları oyunlarda deyil, digər vaxtlarda da peşələrinin tələb etdiyi məsələlərə həssas yanaşmalı, açıqlamalarında, səsləndirdikləri fikirlərdə diqqətli olmalıdılar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest