"Keşlə"nin yeni baş məşqçisi Tərlan Əhmədovun matç.az saytına müsahibəsi

- Əvvəla yeni təyinatınız xeyirli olsun. Necə oldu ki, bu posta gətirildiniz?

- çox sağ olun, hamı işində uğurlu olsun. Klub prezidenti Zaur Axundov dünən axşam zəng vurub dəvət elədi. Oturub hərtərəfli söhbət etdik və razılığa gəldik.

- Hansı komandaya gəldiyinizi yəqin ki, bilirsiniz...

- Nə demək istədiyinizi başa düşürəm. Heç vaxt fikirləşməmişəm ki, mütləq turnir cədvəlində yüksək pillələrdə qərarlaşan komandaya getməliyəm. Bizi uzun marafon gözləyir, çətin olacağını bilirəm. Hesab edirəm ki, insan çox şeyə nail ola bilər. Komanda ilə tanış olandan, futbolçularla söhbət edəndən sonra vəziyyəti daha yaxşı görəcəm. Psixoloji baxımdan oyunçularda təzyiq ola bilər. Hər halda, bizim işimiz bundan ibarətdi, qorxmadan mərd-mərdanə bunun öhdəsindən gəlməliyik. Məşqçilər hər zaman uğursuzluq olan yerə dəvət alırlar, uğur qazanılan yerə yox. Belə çətinliklərdən qorxmuram.

- Sizin və Axundovun qarşılıqlı şərtləri nədən ibarət oldu?

- Şərt deyəndə, ilk növbədə komandanı "qara zolaq"dan çıxarmaq lazımdı. Hər şey normal, öz qaydasında görünür. Bəzən komanda "qara zolağ"a düşür, çətinliklərlə üzləşir. Biz bir-birimizə dəstək olaraq, komandanı bu durumdan çıxarmalıyıq.

- Qarşınıza konkret hədəf qoyulubmu?

- Hazırda konkret bu barədə düşünmürük. Yarış hələ uzundu. Fikrimiz Premyer Liqada qalmaq yox, avrokuboka vəsiqə qazanmaqdı. "Keşlə" ötən mövsüm Avropa Liqasında iştirak edib. Bunu təkrarlamağa çalışacağıq. çoxları düşünə bilər ki, bu, əlçatmazdı. ötən il də "Neftçi"də işlədiyim zaman bu fikir var idi. Həyatda mümkünsüz heç nə yoxdu. Sadəcə, istək, birlik, dostluq olmalıdı ki, komanda yuxarı pillələrdən birini tutsun. Hədəfimiz turnir cədvəlində maksimum dərəcədə yüksək yer tutmaqdı.

- çoxları Zaur Axundovun çətin adam olduğunu düşünür. Siz isə onunla bir dəfə çalışmısınız...

- "Neftçi" Avropa Liqasının qrupuna vəsiqə qazandığı dövrdə onunla bir yerdə işləmişik. Normal, səmimi ünsiyyətimiz olub. Hamı barədə mənfi və ya müsbət fikirlər səslənir. Axundov klub rəhbəridi, məğlubiyyətlə barışmayan insandı. Mən onda çətin bir xasiyyət görməmişəm. Düşünürəm ki, onunla aramızda olan xoş münasibət komandaya da müsbət təsir edəcək və birlikdə uğur qazanacağıq.

- "Keşlə" heyət baxımından bəzi komandalardan heç də zəif görünmür. üstəlik, kifayət qədər alternativli heyəti də var. Siz necə düşünürsüz, bu heyətlə nəsə etmək olarmı?

- İlk gündən çempionatın bütün turlarını, oyunlarını izləmişəm. Demək olar ki, eyni səviyyəli komandalardı. Biri "uğursuzluq zolağı"na düşə, biri çətinliklə üzləşə bilər. "Keşlə"də milli üzvləri, əcnəbilər, U-21-ə çağırılanlar da var. Məncə, nəyəsə nail olmaq mümkündü. İlk növbədə komandanı bu çətin durumdan çıxarmalı, sonra pillə-pillə yüksəlməliyik.

- Oyunları izlədiyinizi dediniz. Kənardan "Keşlə"nin problemini nədə görürdünüz?

- Problemsiz iş yoxdu. Hətta uğur qazandığın yerdə belə problem yaşaya bilərsən. Əgər komanda "qara zolağ"a düşübsə, deməli, burda bəzi amillər var. Kənardan baxanda görürdün ki, komanda oynayır, qol epizodları yaradır, ancaq qalibiyyət ruhu formalaşmayıb. İşin içinə girəndən sonra daha yaxşı görəcəm. Düşünmürəm ki, burda qlobal problem var. Bəzən uğursuz start götürüb, ardından öz oyununu tapır və daha yaxşı çıxış edə bilirsən.

- Hər baş məşqçi gələn kimi, öz heyətini qurmağa çalışır. Qış fasiləsində "Keşlə"də ciddi dəyişiklik gözlənilirmi?

- Birdən-birə bütün komandanı dəyişmək olmaz. Qarşıda bizi sıx qrafiklə çətin oyunlar gözləyir. Hələ ki, nəyisə dəyişmək və ya əlavə etmək barədə fikirləşmirik. Bu haqda heç söhbətimiz də olmayıb. Qışa qədər xal ehtiyatını artırmaq lazımdı. Ondan sonra rəhbərliklə oturub müzakirə aparmaq olar.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest