"Neftçi" Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Tula "Arsenal"ını doğma arenasında 3:0 hesabı ilə üstələyərək, mübarizəni davam etdirib. Matc.az saytının məlumatına görə, komandanın çıxışı və azarkeş dəstəyi yüksək səviyyədə olsa da, müəyyən narazılıqlar yaranıb.

Problem dünənki qarşılaşmanı izləmək üçün "Bakcell Arena"ya toplaşan fanatlarla polis işçiləri arasında olub. Məsələ burasındadı ki, polislər əllərində bilet olan azarkeşləri öz yerlərində - birinci sırada oturmağa icazə verməyib. Tribunaların ilk sırasında 5-6 yerdən bir oturan polislər təhlükəsizliyin təmini üçün digər yerləri boş saxlayıblar.

Həmin cərgəyə əlində bilet olan fanatların yuxarı yerlərdə əyləşməsinə isə oturacaqların sahibləri (ora bilet alanlar) icazə verməyib və nəticədə qalmaqal yaranıb.

Əslində, azarkeşlərin narazılığı təhlükəsizlik işçilərindən deyil, "Neftçi" rəhbərliyindəndi. Onlar bildirirlər ki, əgər oturmağa icazə verilməyəcəksə, klub niyə həmin yerlər üçün biletləri satışa çıxarır?

Məsələyə "Neftçi" tərəfinin münasibətini də öyrəndik. Paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bu durumun klub olaraq onları da narahat etdiyini vurğulayıb: "UEFA-nın tələbi var ki, azarkeşin gözünün qarşısında başqa heç kim durmamalıdı. Təəssüf ki, bizdə polislərlə bağlı belə bir problem yarandı. Nəticədə azarkeşlər bilet aldıqları yerdə otura bilmədilər. Bu məsələni polislərlə müzakirə etdik, ancaq dərdimizi başa sala bilmədik. Onlar bildirdilər ki, təhlükəsizliyi təmin etməliyəm və bu formada həyata keçirməliyəm. Hətta UEFA nümayəndəsi də səhər onlara bildirmişdi ki, nə arakəsmələrdə, nə də azarkeşlərin gözü qarşısında polis olmalıdı.

Polis əməkdaşları da söylədilər ki, biz təhlükəsizliyi təmin etməliyik, hansısa hadisə baş versə, buna nə UEFA, nə də "Neftçi" klubu cavab verəcək. Bu məsələdə onlara da haqq qazandırmaq olar. Yəqin ki, hüquq-mühafizə orqanları ilə bu barədə müzakirələr olacaq. Əgər görsək ki, vəziyyətdən başqa çıxış yolu yoxdu, o zaman həmin yerlərə bilet satışı təşkil etməyəcəyik. Nə məsləhət görülsə, onu da edəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest