"Sabah" Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Matc.az-ın bakılıların rəsmi saytına istinadən məlumatına görə, müqavilə hər iki klubun akademiyalarını əhatə edəcək.

Belə ki, anlaşmaya əsasən, "Sabah" Futbol Akademiyası Xorvatiyanın ən böyük futbol məktəbi olan "Dinamo" Futbol Akademiyasının təcrübəsindən bəhrələnəcək. Bu əməkdaşlıq "Sabah"a yeni oyunçular yetişdirmək, klubun akademiyasının məşqçilərinin təcrübəsini artırmaq istiqamətində böyük imkanlar verəcək.

Klublar arasında imzalanmış müqaviləyə əsasən, "Sabah" FA-nın və "Vətən" FM-nin sistemini "Dinamo" FA müəyyənləşdirəcək. Məhz Zaqreb təmsilçisinin akademiyasından cəlb olunmuş mütəxəssislər akademiyamızda yeni, Avropa standartlarına uyğun sistemin formalaşmasını təşkil edəcəklər.

"Sabah" və "Dinamo" arasında əməkdaşlıq bir neçə istiqaməti əhatə edəcək. Onlardan bəziləri aşağıdakılardı:

- "Dinamo" Futbol Akademiyasının mütəxəssisi Adino Mustedanaqiç "Sabah"ın futbol məktəbinin koordinatoru olacaq. O, yeni sistemin bakılıların akademiyasına tətbiq edilməsinə birbaşa nəzarət edəcək.

- Mustedanaqiçlə yanaşı, fiziki hazırlıq üzrə mütəxəssis və bir məşqçi ilə 3 illik müqavilə bağlanacaq. Hər 3 mütəxəssis bu müddət ərzində ölkəmizdə yaşayaraq, "Sabah"ın akademiyasında daimi fəaliyyət göstərəcək.

- Əməkdaşlıq çərçivəsində "Dinamo" FA-nın məşqçilərinin "Sabah"ın akademiyasında çalışması, öz biliklərini yerli məşqçilərlə paylaşması planlaşdırılır.

- "Sabah" Futbol Akademiyasının uşaqları "Dinamo" FA-da təcrübə keçmək fürsəti qazanacaqlar.

- "Sabah"ın aşağı yaş qrupları "Dinamo"nun təşkil etdiyi nüfuzlu turnirlərdə iştirak etmək imkanı əldə edəcəklər.

- "Dinamo" FA-nın sistemi tədricən "Sabah" FA və "Vətən" FM-a  tətbiq ediləcək.

İki klub arasında anlaşma "Dinamo"nun ev oyunlarını keçirdiyi "Maksimir" stadionunda gerçəkləşib. Tədbirdə Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, "Sabah"ın prezidenti Maqsud Adıgözəlov, klubun seleksiya xidmətinin rəhbəri İlqar İsrafilov, "Dinamo" klubunun prezidenti Mirko Barişiç, idarə heyətinin sədri Vlatka Peras, idarə heyətinin üzvü Amra Peternal, futbol məktəbinin direktoru Damir Krznar və onun köməkçisi Andelko İvanjko iştirak ediblər.

Tədbirin sonunda "Sabah"ın prezidenti Maqsud Adıgözəlov və "Dinamo"nun prezidenti Mirko Barişiç bir-birinə klub atributlarını təqdim ediblər.

Qarşıdakı günlərdə "Dinamo" və "Sabah" arasında əməkdaşlıq barədə daha dolğun məlumat verilməsi istiqamətində mətbuat konfransının təşkil edilməsi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest