Türkiyənin "Trabzonspor" klubundan ayrılan Yusuf Yazıcı karyerasını Fransada davam etdirəcək. Matc.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi "Lill" klubuna transfer olunub. 
 
Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yazıcı ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında 12 nömrəli formanı geyinəcək.
 
"Trabzonspor"un yetirməsi olan Yazıcı, son mövsümdə Super Liqada 30 oyuna 4 qol vurub. Yarımmüdafiəçi 14 dəfə də Türkiyə millisinin fomasını geyinib.
 
"Lill" bu transfer qarşılığında "Trabzonspor"a 16,5 milyon avro təzminat ödəyib. Türkiyə millisinin üzvü yeni komandasında 25 oyuna çıxacağı halda, Trabzon klubu əlavə 1 milyon avro qazanacaq. "Trabzonspor" Yazıçının gələcəkdəki mümkün satışından da 20 faiz gəlir götürəcək. üstəlik, "Lill" portuqaliyalı müdafiəçisi Edqar Migel Leni də "Trabzonspor"a pulsuz olaraq göndərib.
 
25 yaşlı portuqaliyalı müdafiəçi Lissabon "Sportinq"inin yetirməsidi. Edqar İspaniyanın "Barselona" və "Vilyarreal" klublarının B komandasında da çıxış edib. O, 2017/18 mövsümünün əvvəlində "Belenenseş"dən "Lill"ə transfer olunub. Portuqaliyalı futbolçu ötən mövsümün ikinci dövrəsini isə icarə əsasında "Nant"da keçirib. Edqar Portuqaliya millisində də 1 oyuna çıxıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest