"Qış fasiləsinə qədər çempionatda 6 oyunumuz olacaq. Məqsədimiz bu qarşılaşmalarda mümkün qədər çox xal toplamaqdı". Bu sözləri matç.az saytına açıqlamasında "Keşlə"nin yeni baş məşqçisi Tərlan Əhmədov deyib.

Mladen Milinkoviçlə yollarını ayıran paytaxt təmsilçisi dünən baş məşqçi postuna Əhmədovu gətirib. 47 yaşlı mütəxəssis bir həftə ərzində onları iki çətin sınaq gözlədiyini söyləyib: "Bizi sıx qrafiklə oyunlar gözləyir. Bu gün "Qarabağ"la qarşılaşdıqdan cəmi 3 gün sonra "Neftçi" ilə oynayacağıq. Hazırda hansısa dəyişiklikdən çox bu matçlarda müsbət nəticələr qazanmaq barədə fikirləşirik".

Əhmədov debütünü bu gün VII turdan təxirə salınmış "Qarabağ"la matçda edəcək. O, yeni komandasında uğurlu başlanğıc etmək istədiyini vurğulayıb: "Dünən komandaya ilk məşqimi keçdim. Uşaqlarla bir az söhbətim oldu. Hər bir məşqçi uğurlu başlanğıc etmək istəyər. çalışacağıq bu gün gözəl oyun nümayiş etdirək və yavaş-yavaş komandanı formalaşdıraq. Kimlərsə fikirləşə bilər ki, debüt üçün uğurlu vaxt deyil. çünki "Qarabağ" son çempiondu. Ancaq bu cür düşüncələri mən heç vaxt qəbul etmirəm. çempionatda zəif komanda yoxdu. 7 rəqibimiz var, hamısına da eyni gözlə baxırıq. Rəqib kim olur-olsun, meydana qələbə üçün çıxacağıq".

Qeyd edək ki, "ASK Arena"da keçiriləcək "Keşlə" – "Qarabağ" oyunu 19:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest