"Son turda aldığımız məğlubiyyəti həzm edirəm. Amma futbolçularımı sərt tənqid edə bilmərəm". Matc.az xəbər verir ki, bu sözləri Şimali İrlandiyanın "Linfild" klubunun baş məşqçisi David Hili deyib.

Böyük Britaniya mətbuatına açıqlama verən mütəxəssis ölkə çempionatının "Kolreyn"lə görüşündəki 2:4 hesablı məğlubiyyət, həmçinin Avropa Liqasının "Qarabağ"la pley-off matçları barədə fikirlərini bölüşüb: "Hətta futbolçular son qarşılaşmada istədiyimiz kimi çıxış etməsə də, onlara irad bildirmərəm. çünki onlar bu mövsüm məni həddən artıq çox sevindirib. Xüsusilə də Avropa miqyasındakı çıxışları çox yaxşı alınıb".

Hili bildirib ki, avrokubokda güvəndiyi heyətdə ciddi dəyişikliklər də edib: "Sutyeska" ilə görüşdə iştirak edən heyətdən beş futbolçu "Kolreyn"ə qarşı oynamırdı. Buna baxmayaraq, deməzdim ki, heyət zəifləmiş idi. Lakin təəssüf ki, hesabı 2:3-ə qədər gətirdikdən sonra daha bir səhv nəticəsində qol buraxdıq. Biz "Qarabağ"la qarşıdakı oyunda daha yaxşı olmalıyıq və olacağıq da. Həmin matçın miqyası, çəkisi daha yüksəkdi. Bu, bizim üçün əla avrokubok mövsümüdür. Amma biz gözümüzü ölkə çempionatındakı yağ-çörəkdən də çəkə bilmərik".

Qeyd edək ki, "Linfild"lə "Qarabağ" arasında oyunlar avqustun 22-də və 29-da keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest