"Turan Tovuz"un sabiq futbolçusu Yasin Abbasovla komandanın hazırkı rəhbərliyi arasındakı qalmaqal səngimək bilmir. Matç.az xəbər verir ki, Abbasov bu yaxınlarda mətbuata açıqlamasında Tovuz klubunun Müşahidə Şurasının sədri Oqtay Abdullayevi sərt tənqid etmiş, onu oyunlara gəlməməkdə və komandanı Bakıdan idarə etməkdə günahlandırmışdı.  "Rekord"un məlumatına görə, Abdullayev futbolçunu bu açıqlamalarına görə polisə verib. Səbəb kimi də səslənən fikirlərin özünə qarşı təhqir kimi qəbul etdiyini göstərib.

Futbolçu məlumatı təsdiqləyib: "İlk növbədə onu deyim ki, mən fəxr edirəm ki, azərbaycanlıyam və  fəxr edirəm ki, İlham Əliyev kimi prezidentim var. Hansı ki, bizə söz azadlığı verib. Amma Oqtay Abdullayev mənim bu söz azadlığımı əlimdən almaq istəyir. Bir müddət bundan qabaq onun haqda mətbuata açıqlamalar vermişdim və "Turan Tovuz"dakı acınacaqlı durumdan danışmışdım. Həmin açıqlamalardan sonra Oqtay Abdullayev məndən polisə şikayət edib. Guya mən onu təhqir etmişəm. Halbuki, verdiyimiz açıqlamada nə bir kəlmə təhqir var nə də bir kəlmə söyüş. Məni polis idarəsinə çağıranda orda da bunu dedilər. Məsələ ilə tanış oldular və bildirdilər ki, burda polislik bir iş yoxdur, məni də sərbəst buraxdılar".

Abbasov daha öncə dedikləri fikirlərin üstündə dayandığını bildirdi: "Mən heç kimə şər atmıram, heç kimi də təhqir etmirəm. Real durum nədir onu deyirəm. Mən 2 il "Turan Tovuz"da məşqçi işlədim və bu müddətdə o adamı Tovuzda cəmi 2 dəfə gördüm. Heç o da üz-üzə gələndə məni tanımadı tanı elədilər ki, Yasindi, bizdə məşqçi işləyir. Adamın üstündə Allah var, Nadir Nəbiyev yenə oyunlara da olsa gəlir. Bu heç oyunlara da gəlmir. Oturub Bakıda ayda 4-5 min manat maaş alır ayağı da Tovuza dəymir. Tovuz futbolunu yaman günə qoyublar. Əvvəlki rəhbərliyin dövründə komandaya 120 minlik avtobus almışdılar bunlar gəlib onu da satdı. Yalandan deyirlər ki, guya xarab idi. Necə xarab idi ki, həmin avtobus hazırda Bakıya, Türkiyəyə işləyir? Oqtay Abdullayev yalandan deyir ki, guya Tovuzda hamı ondan razıdır və o olmasa AFFA "Turan Tovuz"a baxmaz. Hansı ki, dedikləri hamısı yalandır. Əslində o, bu dedikləri ilə AFFA-nı tovuzluların gözündə kiçildir. Oqtay Abdullayev 3 ilə yaxındır "Turan Tovuz"a gəlib. Amma AFFA görün, neçə illərdi Tovuz futboluna baxır? Onlar bunu Tovuz futbolu üçün edirlər. çünki burda istedadlı futbolçular var. Buna görə də AFFA-ya, Rövnəq Abdullayevə, Elxan Məmmədova, Ramin Musayevə öz minnətdarlığımı bildirirəm. Amma Abdullayev bütün bunları öz adına çıxır ki, guya o olmasa federasiya da bizə baxmaz".

Abbasov bu yaxınlarda bir qrup tovuzlu məşqçinin klubun rəsmi feysbuk  səhifəsinə açıqlama verərək komandadakı durumlarından razı olmalarına münasibət bildirib: "Mən o məsələ ilə də maraqlandım, həmin məşqçilərin bəziləri ilə də söhbətim oldu. Məlum məsələdir ki, məşqçi çörəyinin  xatirinə o sözləri deyib. özləri də bunu etiraf elədilər. çünki onlar da reallığı desələr, işlərini itirmiş olacaqlar. Mən iki il o durumda işlədim və dözməyib öz istəyimlə istefa ərizəsini yazdım. Məşqçiyə 180 manat maaş verirlər, özləri 4-5 min manat maaş alırlar. 180 manatla ailə saxlamaq olar? Nadir Nəbiyev tovuzludur, namaz qılır, ibadət əhlidir. Qoy çıxıb desin ki, mən yalan danışıram. Oqtay Abdullayev başa düşməlidir ki, tovuzluları aldatmaq olmaz. Bura futbol bölgəsidir hamının da futboldan anlayışı var. 1992-ci ildən də bu yana "Turan"a həmişə tovuzlular baxıb, nəticələr də göz önündə olub. Bu insan bu cür tarixi olan bir klubu bu dərəcədə ucuzlaşdıra bilməz".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest