Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirir. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi Fransanın "Monako" klubunun hücumçusu Radamel Falkaonu transfer edir.
 
Bu barədə "sarı-qırmızılar"ın rəsmi saytı məlumat yayıb. Məlumatda bu transferlə əlaqədar "Monako" ilə danışıqlara start verildiyi açıqlanıb. Amma Türkiyə klubları adətən futbolçu və onun klubu ilə hərtərəfli razılıq əldə olunandan sonra ictimaiyyətə bu cür rəsmi açıqlama verirlər. Kolumbiyalı hücumçunun ən qısa zamanda İstanbula gələrək tibbi müayinədən keçməsi və rəsmi müqaviləyə imza atması gözlənilir.
 
Peşəkar karyerasına Argentinın "River Pleyt" klubunda başlayan Falkao, 2009-cu ildə "Portu"ya transfer olunub. Portuqaliya klubunda iki mövsüm çıxış edən forvard 2011-ci ildə Madrid "Atletiko"suna keçib. 2013-cü ildən isə o, "Monako"da çıxış edir. Amma Radamel 2014/15 mövsümündə İngiltərənin "Mançester Yunayted", 2015/16 mövsümündə isə "çelsi" klublarında icarədə oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest