Bir üzü ağ, bir üzü qara "Neftçi" 4 oyun qələbə üzünə həsrət qalandan sonra, nəhayət ki,  azarkeşlərini sevindirdi. Bu sevincin nə qədər sürəcəyi növbəti tur "Qarabağ"la qarşılaşmadan sonra bilinəcək. "Neftçi" fanatları görən bu dəfə stadionu hansı hisslərlə tərk edəcək... Amma öz aramızdı, əgər həmin azarkeşlər olmasa idi ən yaşlı - sovetdən qalma klubumuz bu 4 görüşün hamısında məğlubiyyət acısı dadacaqdı. İsrailin "Bney Yehuda"sı ilə ev oyununda fantastik azarkeş dəstəyi sayəsində son anda məğlubiyyətdən qaçan "flaqman"ın "Sabah"la görüşdə həm də bəxti gətirdi. Fanat dəstəyi ilə yanaşı, qapı dirəkləri və Səlahət Ağayevin qurtarışları komandaya layiq olmadığı bir xalı qazandırdı.

Əlimizi ürəyimizin üstünə qoyub "Sumqayıt"la hesabat turunda da "Neftçi"nin qələbəyə layiq olmadığını deməliyik. Klub rəhbərliyinin azarkeşləri küsdürməsindən sonra boş tribunalar önündə keçirilən matçda hakimlər ikinci hissədə özünü köməksiz görünən "flaqman"ın "12-ci oyunçu"su kimi apardı. Buna baxmayaraq, baş məşqçi Roberto Bordin və şefləri yenə qələbə üzünə həsrət qalacaqdı. Amma son dəqiqələrdə komanda "Neftçi" əzəmətinə yaraşmayan qolla 3 xala sahib oldu. Bütün ədalətli oyun – "Fair  Play" qaydalarına tüpürərək, zədələnən futbolçusu olduğu üçün topu auta çıxaran qonaqlara geri qaytarmaqdansa, təhlükəli hücum təşkil edib qələbə qazanmağa başqa nə ad vermək olar ki? Əslində sualın cavabı hərkəsə məlumdu, sadəcə, "Neftçi" adına, tarixinə, azarkeşinə olan hörmətimizə görə dilə gətirmək olmur...

çox təəssüf ki, klubda bütün iplər əlindən çıxan "xarizmatik" prezident Kamran Quliyevin bu dəyərlərə münasibətini öyrənmək də müşkülə çevrilib. Klubun mətbuat xidmətindən şefin iş yerində olmadığını deyirlər. Eybi yox, gözləyək, görək Quliyev nə vaxt bazara, pardon, bazaya təşrif buyuracaq. Yəqin cənab Quliyev yarlı-yaraşıqlı kabinetinə gələndə cavabsız qalan suallara da bir aydınlıq gətirəcək.

Hələliksə Quliyev doğma "Sumqayıt"dan gətirdiyi qapıçılar üzrə məşqçi Etibar Tarıverdiyevin aldığı 20 oyunluq cəza və kluba yedirtdiyi 16 min manat "qazanc"ın hayındadı. ümumiyyətlə, "Neftçi" prezidentinin "Arsenal"la qarşılaşmalardan sonra dərdləri bitib tükənmir. Gah futbolçular imkanlarından qat-qat aşağı, istəksiz çıxış edir, gah haqlı yerə "istefa" şüarları səsləndirən "Neftçimania" fanatları tribunadan qovulur, gah komandanın ən böyük dəstəkçisi "Forza Neftçi" klubdakı hərc-mərcliyə etiraz əlaməti kimi oyunları boykot edir, Baqali Dabo, Kiril Petrov və Roberto Bordinin azarkeşlərə qarşı hörmətsizliyi, özündən qat-qat zəif komandalara məğlubiyyətlər, xal itkiləri də öz yerində.

"Nefçi"də nə baş verir? Bu və başqa sualların cavablarını kreslosu əməlli-başlı laxlayan klub prezidentindən yaxşı heç kim bilmir. Biz də Kamran müəllimdən bu sualların cavablarını almaq üçün cəhdlərimizi davam etdirəcəyik. "Xalq komandası"nda yaşananları xalq bilməlidi ya yox? Necə deyərlər, xalq öz "qəhrəmanları"nı – "Neftçi"ni bu vəziyyətə salanları yaxından, lap bir az da yaxından tanımalıdı. Biz Quliyevin ofisə qayıdışını gözləməkdəykən, "flaqman"ın çoxsaylı azarkeşləri açıq qalan sualların cavablarını öyrənmək üçün səbirsizlənir. Mövzunu diqqətdə saxlayacağıq.

İxtiyar ƏSGƏROV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest