"Komandanın bütün üzvləri məşqçinin oyundan əvvəl verdiyi tapşırıqları matç ərzində yerinə yetirməyə çalışdı. Bizi çətin qarşılaşmanın gözlədiyini bilirdik. "Zirə" çox yaxşı rəqibdi. Onlar turnir cədvəlində sonuncu pillədə getsələr də, çox gözəl oyun göstərirlər. Komandamız bu oyuna itki ilə çıxdı. Yevgeni Koçuk bundan öncəki turda qırmızı vərəqə almışdı. Oyunçular maksimum çalışırlar. İkinci hissədə Şəhriyar Əliyevin qırmızı alması işimizi çətinləşdirdi. Buna baxmayaraq komandada döyüşkən ruh var idi. Sona qədər çalışdıq ki, ən azı qapımızı toxunulmaz saxlayaq". Matç.az xəbər verir ki, bunu "Səbail"in qapıçısı Emil Balayev Topaz Premyer Liqasının X turunda səfərdə "Zirə" ilə qolsuz bərabərə qaldıqları oyundan sonra deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Sanki birinci hissədə "Səbail"in futbolçuları oynamaq istəmirdi. Sizin fikrinizcə, bu nə ilə əlaqədar idi? Komandaya müdafiə olunmaq tapşırığı verilmişdi?
- Xeyr. Belə bir tapşırıq yox idi. Ola bilər ki, əvvəlki oyunlara nisbətən yaxşı oynaya bilmədik. Amma bizim müdafiədə oturmaq kimi bir niyyətimiz də yox idi. Bəlkə də, oyunumuza başqa amillər təsir etdi. Bütün oyunları eyni səviyyədə oynamaq olmur. Bu oyunda bir xal qazandıq. Ona görə də komanda yoldaşlarıma minnətdaram.

 - "Səbail"in hazırkı möqveyi sizi razı salırmı? Mövsümün sonunu ilk "3-lük"də başa vurmaq mümkün olacaq? Aşağı mövqelərdən gələn komandalardan təhlükə hiss edirsinizmi?
- Bəli. Hazırkı mövqedən razıyıq. Sonrakı mövqe barədə dəqiq bir söz deyə bilmərəm. Bizim işimiz məşqçinin bizə verdiyi tapşırıqları yerinə yetirməkdi. Əgər oyunçular Aftandil müəllimin verdiyi tapşırıqları maksimum yerinə yetirsələr, inanıram ki, yuxarı pillələrdəki yerimizi alarıq.

- Növbəti turda "Sabah"la qarşılaşacaqsınız. Həmin oyunda böyük ehtimalla Marko Deviç də meydanda olacaq. Həmin matçda istədiyiniz nəticəni əldə edəcəyinizə inanırsınızmı?
- "Sabah" çox yaxşı komandadı. Premyer Liqada ilk dəfə çıxış etmələrinə baxmayaraq, yaxşı oyun sərgiləyirlər. Düşünürəm ki, bizim üçün asan oyun olmayacaq. İlk növbədə işimiz məşqçinin tapşırıqlarını yerinə yetirməkdi. çünki məşqçi rəqibləri analiz edir.

- "Səbail" "Sabah"ı məğlub edə bilər...
- Futboldu. Məğlubedilməz komanda yoxdu.

- Komanda cari mövsümdə iki dəfə texniki qələbə alıb. Hər qələbədən sonra rəhbərliyin komandaya mükafat verdiyi bəllidir. İki qələbədən sonra mükafat almısınızmı?
- Bu, klubdaxili məsələdi. Bu sualı cavablandıra bilmərəm.

- Bu gün yaxşı qurtarışlar etdiniz. Mövsüm ərzində də pis çıxış etmirsiniz. Amma milli komandaya dəvət almamışdınız. Bu dəfə dəvət olunacağınızı düşünürsünüzmü?
- Kosovo və Malta yığmaları ilə oyunlarda dəvət almışdım. Mən həmin an fəxr edirdim ki, millinin tərkibindəydim. İkinci dəfə dəvət almayanda fikirləşdim ki, bu mənim özümdən asılıdı. Bəlkə də, bəzi oyunlarda uğursuz çıxış etdim. özümü sübut etməyə çalışacağam. Ola bilər ki, hansısa oyunda zəif çıxış etmişəm. Davamlı olaraq yaxşı oyun sərgiləsəm və millinin heyətinə cəlb olunsam o formanı canla-başla geyinməyə hazıram.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest