Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası baş tutub. Matc.az saytının məlumatına görə, aşağı yaş qruplarındakı komandalar oyunlarından çox qeyri-etik davranışlarla cəzalandırılıblar.

U-16 Liqasının "Sabah" – "Neftçi" görüşündə birincilərin futbolçusu Qəşəm Məmmədov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyunluq cəza alıb. U-12 Liqasının UGİM Naftalan – UGİM Ulduz Mingəçevir qarşılaşmasında isə ev sahiblərinin baş məşqçisi Xəyal Abdullayev eyni addıma əl atıb ki, bu da onun 2 oyunluq diskvalifikasiyasına səbəb olub.

Futzal üzrə Yüksək Liqanın "Xızı Futzal" – "Bakı" TFK matçı başa çatdıqdan sonra "Xızı Futzal"ın baş məşqçisi Yasin Yaqubzadə və komandanın rəhbəri Orxan Allahverdiyev hakimlər briqadasını söyüşə "qonaq ediblər". Bu üzdən hər ikisinə 5 oyunluq cəza tətbiq olunub.

Həmin liqanın "Marafon" – "Record club" matçında "Marafon"un futzalçısı Sərxan Məstiyev, Birinci Liqanın "Star Karqo" – "Baku Fire-2" görüşü başa çatdıqdan sonra isə "Baku Fire-2"nin üzvü Murad Salahzadə rəqibə qarşı təhqiredici ifadələr işlədiblər. Hər iki futzalçı növbəti 3 turu buraxmalı olacaq.

"Binə"nin texniki məğlubiyyət aldığı Boulevard Hotel U-15 Liqasının "Sabah"la görüşündə hər iki komandanın oyunçusuna cəza kəsilib. "Binə"dən Xəyal Ələkbərli, "Sabah"dan isə Əli Quliyev aqressiv davranışa 4 oyunluq cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest