Fransa millisinin futbolçusu Killian Mbappenin PSJ-yə keçidinin detalları üzə çıxıb. Matç.az saytı xəbər verir ki, son günlərdə bir sıra qalmaqallı mövzuların üstünü açan "Football Leaks"ın növbəti "qurbanı" gənc hücumçu olub.

Mənbə 2017-ci ilin yayında "Monako"dan PSJ-yə keçən 19 yaşlı futbolçunun böyük şərtlər irəli sürdüyünü iddia edir.

Bildirilir ki, Mbappe 5 illik müqavilə üçün 55 milyon avro maaş, şəxsi təyyarə, həmçinin bəzi vədlər istəyib. Killian "Qızıl top" alacağı halda, planetin ən ödənişli futbolçusu olması, maliyyə feyr-pleyinə əməl etməyən PSJ-nin cəza alacağı halda isə özü üçün kompensasiya tələbi  irəli sürüb.

Həmin vaxt İspaniya "Real"ı Mbappe üçün "Monako"ya 214 milyon avro təklif etsə də, hücumçu Parisə yollanıb. Mənbə iddia edir ki, PSJ onun maaş tələbini dərhal, digər şərtləri hissə-hissə yerinə yetirdiyi üçün Killian belə qərar verib.

Qeyd edək ki, PSJ Mbappeni 180 milyon avroya transfer edib. O, 2017/18 mövsümünü yeni klubunda icarə əsasında keçirib, ötən yay isə birdəfəlik paytaxt təmsilçisinə keçib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest