AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın müsahibəsi 

- U-21-lərin Azərbaycan - İsveçrə qarşılaşmasının ikinci hissəsində stadionda yaranmış texniki problem - tüstüləməyə görə UEFA sizə xəbərdarlıq etməyib?
- Bununla bağlı bizə heç bir bildiriş olmayıb. UEFA nümayəndəsinin hadisə ilə bağlı raportuna nəsə qeyd edib-etməməsini deyə bilmərəm.

- Hadisə zamanı AFFA-nın mühafizəçiləri çəkiliş edən jurnalistlərə imkan verməyib.
- Bildiyim qədərilə, orada polis olub, AFFA mühafizəçiləri yox.

- Biz də orda olmuşuq, polis yox, məhz AFFA-nın mühafizəçiləri çəkiliş aparmaq üçün yaxın getməyə imkan vermədilər.
- Yanğınsöndürənlər dedilər ki, transfarmatorun yanında təhlükəli maddə var. Ona görə yaxına heç kimi buraxmamağı tapşırdılar. Mühafizə əməkdaşları jurnalistləri məhz buna görə kənarlaşdırdı.

- Niderlandın Bakıdakı səfirliyi qarşısında keçirilən etiraz aksiyasını AFFA-nın təşkil etməsinə dair iddialar, ehtimallar səslənir.
- İstənilən tədbirlə bağlı ehtimal olur. Amma bu piketi AFFA təşkil etməmişdi.

- Orada iştirak edən xanımlardan biri 5-6 ildir AFFA ilə əməkdaşlıq edir, əksər rəsmi tədbirlərdə könüllüdür.
- Hər bir şəxs bizim oyunlarda, rəsmi tədbirlərdə könüllü kimi iştirak edə bilər. O, AFFA-nın əməkdaşı deyil.

- Yəni, piketi AFFA təşkil etməyib?
- Bəli, o etiraz aksiyasını AFFA təşkil etsəydi, orada federasiyanın işçiləri olardı.

- Maraqlıdır ki, orada iştirak edən jurnalistlərin əksəriyyəti məhz milli ilə Macarıstana yollanmış media nümayəndələri idi...
- Görünür, onlardan hansısa bilib, sonra bir-birləri ilə əlaqə saxlayıblar. O jurnalistlər həmin günü səfərdən qayıtmışdılar, mümkündür ki, bir-birlərinə xəbər ediblər. sportinfo.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest