Mövsümün ilk dövrəsini az qalsın bir ayaqla itkisiz başa vuran "Qarabağ"ın autsayder "Qəbələ" səfərində büdrəməsini yəqin ki, çox az adam gözləyə bilərdi. üstəlik, gələn həftə Avropa Liqasında APOEL-lə vacib oyun olmasına baxmayaraq, Qurban Qurbanov ideala yaxın heyəti meydana buraxmışdı. Onun həmkarı Elmar Baxşıyev isə mərkəz müdafiəçisi Rasim Ramaldanovun əvəzinə Amin Seydiyevə həmin mövqedə şans vermişdi.

İlk dəqiqələrdən güclü rəqibindən çəkinmədən cəsur şəkildə irəli atılan ev sahibləri bunun bəhrəsini çox qısa zamanda gördü. Azarkeşlər yerlərini rahatlamamış Qismət Alıyev müdafiə xəttini pərən-pərən edərək, gözəl qola imza atdı. Gənc müdafiəçinin az sonra dubluna Beqoviç imkan vermədi. "Qarabağ"ın heç cür öz oyununu tapmadığı bir vaxtda bərabərlik topunu vurmasını isə "qırmızı-qaralar"ın bəxtsizliyi ilə əlaqələndirmək olar. Qonaqlar qol epizodu yaratmadan bunu bacardılar. İsmayıl İbrahimlinin uzaq məsafədən zərbəsi qarşısıalınmaz dərəcədə olmasa da, Anar Nəzirov topun qapıdan keçməsini seyr etməklə məşğul oldu. "Qəbələ" futbolçularının sürətli və atəşli startı Nəzirovun ehtiyatsızlığı ilə söndü. Halbuki qonaqlarda xətlərarası problem, futbolçularda epizodlara ləng reaksiya aşkar hiss olunurdu. Komanda sanki meydana yorğun çıxmışdı. Bu, bəlkə də, rəqibi düzgün qiymətləndirməməkdən və ya APOEL-lə oyunu düşünməkdən qaynaqlanırdı.

İsmayılın qolu ağdamlıları bir növ yuxudan ayıltdı. "Qəbələ"nin ilk dəqiqələrdəki coşğulu oyunu artıq yoxa çıxmışdı. Düzdü, komanda yenə tam müdafiəyə oturmur, rəqibə "diş keçirməyə" çalışırdı. "Qarabağ" yalnız hissənin ortalarından etibarən nəzarəti ələ keçməyə başladı. Meydan sahibləri isə sürətli əks-hücumları bir qayda olaraq sağ cinahdan qururdu. çünki Qismət Alıyev önündəki Bauk Klesioya yaxın oynayır, üstəlik, Davit Volkov da həmin cinaha çox meyl edirdi. Qonaqlar qapıçı cərimə meydanı həndəvərində paslaşaraq, müdafiədə boşluq axtarırdı. Bu mənada Abdullah Zubirin texnikalı oyunu, Dani Kintananın isə hiyləgər ötürmələri həlledici rol oynayırdı. Fasiləyə qədər yaranan iki yüz faizlik qol imkanı zamanı da baş rolda Kintana idi.

İkinci hissə də yüksək tempdə keçmədi. "Qarabağ" paslaşmaqla, "Qəbələ" isə sürətli əks-hücumlarla yadda qalırdı. Elmar Baxşıyevin yetirmələri hissənin ilk 15 dəqiqəsində düz 4 dəfə rəqibi müdafiədə azlıqda yaxalayaraq, Beqoviçi narahat etdilər. Qonaqlar yenə son 20 dəqiqədə təzyiqi artırdı. Riçard Almeyda və Xayme Romeronun mübarizəyə qoşulmasından sonra ağdamlılar irəlidə daha kəsərli oynamağa başladılar. Ancaq son cəhdlər də bir nəticə verməyincə, "Qarabağ" cari mövsümdə ilk dəfə xal itkisinə məruz qaldı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest