"Oyunu istədiyimiz kimi başlasaq da, sonunu gətirə bilmədik". Matc.az saytının məlumatına görə, bunu "Qəbələ"nin U-19 komandasının baş məşqçisi Famil Xəlilov deyib.

UEFA Gənclər Liqasının çempionlar yolunun I mərhələsinin cavab oyunları çərçivəsində APOEL-i qəbul edən "Qəbələ" 0:1 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.

Xəlilov qarşılaşma barədə fikirlərini klubun rəsmi saytına bildirib: "Hücum futbolu oynamaq istəyirdik. Müdafiəyə çəkilmək fikrimiz yox idi. Bilirdik ki, APOEL təhlükəli rəqibdi. Cərimə meydançamıza nə qədər yaxın oynasalar, qol vurmaq şansları olacaq. Bu səbəbdən də kiprliləri öndə qarşılamağı fikirləşirdik. Bəzi futbolçularımız bu tapşırığı yerinə yetirsələr də, digərləri bunu bacarmadılar. Buna görə də sıxıntı ilə üzləşdik və qol buraxdıq. Rəqibin heyətində Giannis Satsiasln oyununu analiz etmişdik. Bilirdik ki, hansı səviyyədə oynayır. Ona bir nəfər ayırmışdıq ki, sonadək onu nəzarətdə saxlasın. Lakin futbolçumuz bunu bacarmadı. Rəqib oyunu həmin futbolçunun üzərində qurmuşdu. Qolu da həmin oyunçu vurdu. Komandamızı mübarizə apardığı, istəkli olduğu üçün təbrik edirəm. Bu, futboldu. Biz hər şeyə - qələbəyə də, məğlubiyyətə də hazır idik. Mərhələni keçsəydik, daha yaxşı olardı. Futbolçulara da dedim ki, məğlubiyyəti unudub, ölkə çempionatına köklənməliyik. Gələn il eyni hissi yaşamaq üçün yenə çempion olmaq vacibdi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest