Növbəti Azərbaycan derbisini sabah izləyəcəyik. "Neftçi" ilk 8 həftədə cəmi 2 xal itirən "Qarabağ"ı qəbul edəcək.

Birinci dövrədə ağdamlılara 0:2 hesabıyla uduzan paytaxt klubu aradakı xal fərqini 5-ə endirmək üçün meydana çıxacaq. Hər halda son günlər "ağ-qara" formalı futbolçuların iddialı açıqlamaları, sosial şəbəkə üzərindən paylaşımları bizə gərgin 90 dəqiqə izləyəcəyimizi vəd edir.

Belə bir matç üçün "Neftçi" başbilənlərinin verdiyi qərar düşündürücüdür: biletin qiymətini niyə 1-5 manat olaraq müəyyənləşdiriblər? çox "yanlış" addım atıblar. Bu boyda Azərbaycan derbisi oynanılsın, ona da 1 manat qiymət qoy - olmaz belə! Heç olmaz!

Bildiyimizə görə, son vaxtlar "Neftçi"də müəyyən maliyyə problemləri baş qaldırıb. Maaş və mükafatların ödənilməsində gecikmələr var. Əvvəl "Neftçi" nə idi, iki aydan biri əməkhaqqı ödəmək nə idi, haqq-hesab vaxtlı-vaxtında olurdu. "Bney Yehuda" biabırçılığı"ndan sonra Mikayıl İsmayılovun beyini necə qızıbsa, sərt üzünü göstərmək zərurəti hiss edib və klubdakıları pul-parayla sınağa çəkmək istəyir. Düzdür, çingiz Abdullayev patronu yola gətirməyə, daşı ətəyindən tökməyin vacibliyinə inandıra bilib, ancaq… "Val" hər an dəyişə bilər.

"Neftçi"nin imkansızlaşdığı bu aralar "1 manat da, 1 manatdır" yanaşması qətiyyən yerinə düşmür. Kamran Quliyev gərək belə etməzdi, kaş, ötən mövsüm qaldığı yerdən yoluna davam edərdi. Derbidir bu, onun qiyməti 50 manat da olmamalıdır heç. Azı, 100 manatdan başlamalıydı bilet satışı. 5 y əvvəl demirdilər ki, biz derbiyə təkcə oyun yox, həm də biznes gözüylə yanaşırıq? "Qarabağ"a 35 min manat dəyərində 750 bilet satmaqlarını bir bayram edirdilər ki… İki göz istəyirdi ki tamaşasına dursun.

Nə oldu bəs, o biznes-proje? Nə tez yaddan çıxdı? "Neftçi" azarkeşinin növbəti dəfə stadiona axışıb, sizi istefaya səsləyəcəyindən qorxduz, eləmi? Qorxu hissi yaman pis zaddır, Kamran Quliyev, gördüzmü? "Quyruq qapı arxasında qalanda" hər şey yaddan çıxır. Hətta siz və ətrafınızdakılar üçün bir nömrəli məqsəd olan havayı pul qazanmaq da! sportinfo.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest