Bakıdan Poltavaya yola düşəndə, nədənsə hamı çox rahat idi. Futbolçuları bilmirəm, amma jurnalistlər "Qarabağ"ın qələbəsinə əmin idilər.

Kələ-kötür uçuş zolağı, riskli eniş

Artıq havaya qalxmışdıq, hamı deyib-gülürdü. Amma Poltavaya çatar-çatmaz gördüklərimiz əhvalımızı korladı, bizə şükür etməyi xatırlatdı. Əvvəlcə təyyarənin şassisi gec açıldığı üçün qısa müddət havada dövrə vurmalı olduq. Hamının başı söhbətə qarışdığından, çoxları bunun heç fərqinə varmadı. Poltava hava limanına eniş zamanı təyyarə o qədər yırğalandı ki, hətta zolaqdan çıxa da bilərdi. Pəncərədən yerə baxanda kəndimizin kələ-kötür yolu gözümün önündə canlandı. Belə bir zolağa təyyarəni sağ-salamat endirdiyi üçün bizim pilota qəhrəman adı vermək lazımdı. Sən demə, Poltava hava limanı ildə 3-4 dəfə sərnişin təyyarəsi qəbul edə, ya etməyə. Axı şərait bunun üçün əlverişli deyil. Aeroportda sənədlərimizə baxmaq üçün isə Kiyevdən 4 nəfər gətirmişdilər. çünki Poltavadakılar yalnız daxili uçuşları qəbul etməyi bacarırdılar.

90-cı illərin Bakısı

Şəhərlə tanış olduqda da fərqli mənzərə görmədik. 1174-cü ildə qurulan Poltavanı 90-cı illərin Bakısı və ya bəzi indiki rayonlarımızla müqayisə etmək olardı. Köhnə binalar, bərbad durumda olan yollar və s. Bir sözlə, şəhərin inkişafdan qaldığını demək olar. Əksər binalar rekonstruksiyaya ehtiyac duyur. Ancaq müsbət tərəfləri də var. Məsələn, əhalinin dolanışığı çox yaxşıdı. İnsanların yaşayışla bağlı problemləri yoxdu. Poltava Ukraynanın ən təmiz, münbit torpağı hesab edilir. İnsanlar kənd təsərrüfatı ilə məşğuldular. Şəhərdə toxuculuq, geyim və maşın istehsalı zavodları olsa da, onların çoxu fəaliyyət göstərmir. Əsasən xarici avtomobillərdən istifadə olunur. Yollarda tıxac ola bilməz. Tək-tük hallarda polis görə bilərsən. Əvəzinə addımbaşı "Aptek" rastımıza çıxırdı.

1 qəpiyin söhbətini edən sürücü

Poltavanı bir növ "ölü şəhər" də saymaq olar. çox sakit yerdi, hər kəs öz həyatını yaşayır, bir-biriləri ilə problemləri olmur. öyrəndiyimiz qədərilə bir-birilərinə köməyə də yaxın durmurlar. Xüsusən də, xaricdən gələnlərə qarşı soyuqdular. Bir sualın cavabını almaq üçün dəridən-qabıqdan çıxmalı olursan. Salamı belə tərəddüdlə cavablandırırlar. Taksi sürücüləri isə kənardan "qəddar" görünürlər. Hətta bir dəfə taksi ilə otelə qayıdarkən xırda olmadığı üçün 10 qəpiyimiz çatmadı və vəziyyəti izah etməyə çalışdıq. Di gəl ki, pulu almadan getməyəcəyini bildirdi. Nəticədə həmkarlarımızdan qəpik tapıb onu yola saldıq. Həmin 10 qəpik isə bizim pulla heç 1 qəpik eləmir. Bakıda belə bir şey olsa, yəqin ki, sürücü "qaqaş, o nə söhbətdi, düş, get" deyər.

Poltavada Azərbaycan birliyi

Azərbaycanlılar isə orda da öz mədəniyyətlərini nümayiş etdirdilər. Poltavada 300-ə yaxın azərbaycanlı ailə, tələbə yaşayır. Bizim gəlişimizi eşidincə, əldən-ayaqdan düşdülər, istiqanlı, mehriban şəkildə qarşıladılar. Xüsusən də, Mais Şıxəliyev adlı azərbaycanlı iş adamı 3 gün ərzində bütün işini-gücünü atıb, bizimlə maraqlandı. 10 ildi Poltavada yaşayan həmyerlimiz şəhəri gəzdirmək, maraqlı yerlərlə bizi tanış etmək üçün özü müraciət edirdi. Həmvətənlərimizin işlətdiyi ticarət mərkəzinin üzərində Azərbaycan bayrağını görmək isə qürur mənbəyi idi. ümumiyyətlə, Poltavada yaşayan azərbaycanlılardakı birliyi xüsusi vurğulamaq lazımdı.

Onların uşaq futbolu bizim Premyer Liqamızdan...

Ukrayna ilə Azərbaycan futbolu arasındakı fərqi deməyə yəqin ki, ehtiyac yoxdu. Təkcə bir misalı çəksək kifayət edər. Qaldığımız otelin qarşısındakı meydançada aşağı yaş qrupu üzrə komandalar arasında oyunlar keçirilirdi. Ukraynalılar daha bizim uşaqlar kimi necə gəldi yox, intizamlı, taktiki futbola sadiq, səliqəli oyun göstərirdilər. Oyunlara gələn azarkeş sayı isə Azərbaycan Premyer Liqasındakı matçlara toplaşanlardan çox idi.

Bələdçinin uydurduğu "Poltava döyüşü"

Fürsətdən istifadə edib "Vorskla" klubunun adının səbəbkarı olan Vorskla çayını, Poltava muzeyini ziyarət etdik. Xüsusən də, tarixi Poltava döyüşünün olduğu məkana ayaq basanda insan qəribə hisslər keçirirdi. Muzeydə 1709-cu ildəki müharibədə istifadə edilmiş silahlar nümayiş etdirilir. Turistləri baş verən hadisələr barədə məlumatlandıran bələdçi isə bunu Ukrayna – İsveç müharibəsi kimi qələmə verirdi. Sanki həmin döyüşü ruslar yox, ukraynalılar qazanıblar. Halbuki, İsveç kralı XII Karl Moskvanı zəbt etmək, Rusiya taxtına Polşa kralını çıxarmaq, sonra isə Rusiyanı 8 ayrı knyazlığa bölmək üçün hücuma keçmişdi. Sadəcə, əlverişsiz iqlim şəraiti ucbatından ordu Poltavadan keçməli idi. Lakin I Pyotr onun arzusunu ürəyində qoyaraq, Rusiya tarixi üçün böyük zəfər çalmışdı.

"Vorskla"nı sevməyən poltavalı

Muzeylə üzbəüz kilsə yaxınlığında şəklimizi çəkməyi yerli sakinlərdən xahiş etdik. Bakıdan gəldiyimizi eşidən bir xanımın zarafatla "neft axtarırsınız?" deməsi gülüşlə qarşılandı. Yerli sakin olsa da, həmin qadının "Vorskla"nı sevmirəm, "Qarabağ"a azarkeşlik edəcəm" deməsi diqqətimi çəkdi. Sən demə, Poltavada təmiz ukraynalı tapmaq çox çətindi. Əhalinin böyük hissəsinin hansısa xalqla qarışığı var. Sırf ukraynalılar isə daha çox aşağı təbəqənin nümayəndələridi.

"Döyüşə" hazırlıqsız şəhər

"Qarabağ"ın "Poltava döyüşü"nə isə şəhər hazır deyildi. Sanki Avropa Liqası matçını qəbul etmirdilər. İki gün ərzində cəmi bir yerdə "Vorskla" – "Qarabağ" görüşü ilə bağlı afişa görə bildik. Heç stadionun özündə oyunla bağlı heç bir plakat yox idi. Bu diqqətsizlik və görüş zamanı tribunaların yarıdan çoxunun boş olması insanda "Poltava futbol şəhəri deyil" fikrini formalaşdırır. Bəziləri bunu havanın soyuqluğu, bəziləri isə matçın gec başlaması ilə əlaqələndirirdi.

Əhvalı pozmayan problemlər

"Döyüşə" hazırlıqsız olan şəhərdə qalib gələn "Qarabağ"ın isə dönüşü ayrı bir macəra idi. Matç bitdikdən sonra aeroporta getsək də, məlum oldu ki, uçuş baş tutmayacaq. çünki hava çox buludlu idi və səmada görmə sıfır dərəcəsində idi. Uçuşumuz səhərə qalmışdı, ancaq oteli tərk edən Azərbaycandan gedən 60 nəfərlik nümayəndə "havada" qalmışdı. Müvəqqəti komandanın məskunlaşdığı otelə getməli və onun restoranında gözləməli idik. çünki otaq sifariş edilməmişdi. Aşpaz evində olduğundan, futbolçular yemək almaq üçün şəhərə gedib əlləri dolu qayıtdılar, hətta 90 dəqiqəlik yorucu oyuna baxmayaraq, jurnalistlərə qulluq da etdilər. Nəhayət, klub yaranmış problemi yoluna qoydu və gecəni keçirməyimiz üçün yer tapıldı. Komanda qələbə qazandığından, yaşanan xoşagəlməzliklər heç kimin əhvalını pozmamışdı. Səhər isə öncədən deyilən vaxtda pilot bostana oxşayan yerdən təyyarəni qaldıra bildi və çətinliklər geridə qaldı.

Ruslan SADIQOV / Bakı-Poltava-Bakı

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest