Azərbaycan millisi üçün daha bir seçmə mərhələ həyəcanı başa çatdı. Ancaq bu dəfə tarixi antirekordla.

5 komandanın yer aldığı E qrupunda keçirdiyi 8 matçda aktivinə cəmi 1 xal yazdıran Nikola Yurçeviçin kollektivi son oyununda Slovakiyanın qonağı oldu. Yenə baxımsız, cansıxıcı oyun ortaya qoyan komandamız növbəti dəfə meydanı məğlubiyyətlə tərk edib - 0:2.

üç gün əvvəl Uelslə Bakıda keçirilən qarşılaşmadan sonra yığmamızın heyətindəki problemlər birə-beş artmışdı. Maksim Medvedevdən sonra Riçard Almeyda, Dmitri Nazarov və Pavel Paşayev də zədə ucbatından heyətdə yer almamışdılar. Bunun fonunda yeganə sevindirici məqam Eddi İsrafilovun dönüşü idi. Yurçeviç "Bakcell Arena"da meydana buraxdığı Araz Abdullayevi isə debütant Vüsal İsgəndərli ilə əvəzləmişdi.

Komandamız meydanda 4-4-1-1 taktiki düzülüşü ilə yer almışdı. Xətti müdafiənin önündə ikinci 4-lük var idi ki, bu, slovaklara ilk dəqiqələrdə çətinlik yaratdı. çünki erkən qolla hesabı açmağı planlaşdıran meydan sahibləri qapıya yaxınlaşmaq üçün müdafiəçilərdən əvvəl yarımmüdafiə "divar"ını yarmalı idilər. İlk 20 dəqiqədə hər şey istədiyimiz kimi gedirdi. Məhz həmin dəqiqəyə yaxınlaşmışdıq ki, futbolçularımız birinci dəfə topa sahib olaraq, komanda şəklində irəli çıxmaq imkanı qazandı. Bu da komandamıza baha başa gəldi. Görünür, ev sahibləri hiyləgərlik edərək, yığmamızın irəli çıxmağına şərait yaratdı. çünki əks təqdirdə, qapıya yaxınlaşa bilmədiklərini matçın əvvəllərində gördülər. Futbolçularımız rəqibin bu tələsinə çox tez düşdü. Nəticədə sürətli hücum zamanı Bəhlul Mustafazadə üz-üzə qaldığı Robert Bojenikin zərbəsinin qarşısını ala bilmədi. Müdafiəçimizə dəyən top sürətini azaltsa da, Emil Balayevdən bir qədər də uzaqlaşdı və hesab açıldı.

Artıq minimum tapşırığın öhdəsindən gələn slovaklar tempi aşağı salaraq, ciddi təzyiq etmədən meydanın komandamıza aid olan hissəsində paslaşmaqla məşğul idilər. Yığmamız bəzən 4-lü, bəzən isə 5-li müdafiə sistemində oynayırdı. 5-3-2-yə keçəndə Şəhriyar Rəhimov müdafiəyə çəkilir, onların önündə isə 3 dayaq yarımmüdafiəçisi yer alırdı. Belədə komandamız irəlidə yalnız Vüsal İsgəndərli və Ramil Şeydayevə bel bağlamalı olurdu. Ancaq onlar da 2 nəfərlə Slovakiyanın müdafiə xətti qarşısında heç nə edə bilməzdilər. Meydan sahiblərinin birinci hissənin qalan dəqiqələrini özünü yormadan keçirmələri 1:0 hesabının fasiləyə qədər dəyişməməsinə yol açdı.

İkinci hissəyə də sakit başlayan slovakiyalı futbolçular paralel matçda Uelsin ikinci qolunun gəlməsi ilə oyundan tamam qopdular. İkinci 45 dəqiqə ev sahibləri üçün sanki işgəncə dəqiqələri kimi keçdi. Bunu görən Yurçeviç Renat Dadaşovu da meydana buraxdı. Komandamız dəqiqələr ötdükcə topa daha çox sahib olsa da, irəlidə heç nə ortaya qoya bilmirdi. Ancaq son dəqiqələrdə Dadaşov əlinə düşən real şansı qaçırınca, matçın qəhrəmanı olmaq şansını əldən verdi. Amma daha səviyyəli rəqib bəxtin də köməyi ilə fərqi 2-yə çatdırdı və millimizin bərabərlik ümidinin üstündən xətt çəkdi. Bununla komandamız fasilədən sonra meydanda ruh kimi gəzişən, ölü vəziyyətdə olan rəqibi cəzalandırmaq bir tərəfə, hətta öz qapısında növbəti topu da buraxdı. Rəqibinin ən bərbad durumunda belə, hücum qurmaqda aciz qalan və hətta Slovakiyanın "ölüsü"ndən də qol buraxan bir yığma var idi meydanda.

Beləliklə, Azərbaycan millisi Nikola Yurçeviçin rəhbərliyi altında AVRO-2020-nin seçmə mərhələsini 1 xalla, E qrupunun sonuncusu kimi tamamladı.

Emil Balayev - Buraxılan ilk qolda çərçivəni itirmişdi. Müdafiəçiyə dəyən topun ondan uzaqlaşması da işini çətinləşdirdi. Ancaq bir neçə epizodda komandamızı qoldan xilas etdi.

Bəhlul Mustafazadə - Son vaxtların haqqında ən çox danışılan futbolçusu olan gənc müdafiəçi üçün şanssız gün idi. Buraxılan hər iki qolda top ona dəyərək, tora daxil oldu. İkinci qola görə onu günahlandırmaq doğru olmaz. Amma təkbətək vəziyyətlərdə rəqibin üzərinə getməməsi və onun cərimə meydanına qədər daxil olmasına şərait yaratması Bəhlulun nöqsanıdı.

Bədavi Hüseynov - Yığmamızın heyətində ən etibarlı oyun göstərən futbolçu idi. Slovakiyanın futbol oynadığı ilk yarım saatda bir neçə hücumun qarşısını aldı, ötürmələri kəsdi və hətta komanda yoldaşlarını da sığortaladı.

Anton Krivotsyuk - Şübhəsiz ki, yığmanın ən zəif bəndi idi. Rəqib ilk dəqiqələrdən onun yer aldığı cinahdakı böyük boşluğu yaxşı "tutdu" ki, hücumlarını əsasən məhz ordan qururdu. Bir neçə dəfə ara pasları zamanı slovaklar sağdan təhlükəli həmlələr etsə də, demək olar ki, hamısında Bədavi Antonu sığortaladı.

Abbas Hüseynov - Meydan sahibləri onun yer aldığı cinahdan çox irəliləmirdi. Bu baxımdan rahat olan Abbasın hücuma dəstəyi isə yox dərəcəsində idi.

Qara Qarayev - Orta sahədə tez-tez yaranan böyük boşluq onun liderlik etdiyi mövqe oyunçularının yanlış yer seçməsindən qaynaqlanırdı.

Eddi İsrafilov - Düşərgəyə yeni qoşulan yarımmüdafiəçi o qədər də fəal nəzərə çarpmırdı. Daha çox sərt oyuna meyl edən Eddi birinci hissənin sonunda sarı vərəqə ilə cəzalandı. Bu cür davam edəcəyi təqdirdə, "qırmızı" qaçılmaz görünürdü. Bunu vaxtında başa düşən Yurçeviç fasilədən sonra onu əvəzlədi.

Cavid Hüseynov - 79 dəqiqə meydanda qalan Hüseynova əsas iş slovakların həvəssiz oynadıqları ikinci hissədə düşürdü. Ancaq o, hücumların kəsərini artmasına, ön xətdəki futbolçuların topla təmin olunmasına heç cür töhfə verə bilmədi.

Şəhriyar Rəhimov - İlk hissədə rəqib daha çox hücuma aludə olduğundan, irəli çıxa bilmir, müdafiəçilərə kömək etməklə məşğul olurdu. Amma onun da yer aldığı sol cinah slovaklar üçün boş dəhlizə çevrilmişdi. Ev sahiblərinin "yola verdiyi" ikinci hissənin son 20 dəqiqəsində isə Rəhimov müdafiəçi funksiyasını yerinə yetirdi.

Vüsal İsgəndərli - Yığmanın debütantında ilk dəqiqələrdən həyəcan hiss olunurdu. Uzun müddət özünə gəlməkdə çətinlik çəkən İsgəndərli ilk matçında boş-boşuna qaçmaqla məşğul oldu.

Ramil Şeydayev - Əvvəlki görüşlərdə olduğu kimi, yenə hücumun bütün yükünü təkbaşına daşımalı oldu. Ancaq bu, yalnız ora-bura qaçmaqdan və ara-sıra həyəcanverici reyd etməkdən başqa bir işə yaramadı.

Elvin Camalov - Daha bir debütant ikinci 45 dəqiqədə meydanda oldu. Bəxtindən Slovakiya üçün oyun artıq ikinci hissənin əvvəllərində bitmişdi. Bu üzdən üzərinə çox iş düşmədi.

Təmkin Xəlilzadə - Hər dəfə qurtarıcı gözü ilə meydana buraxılan sol cinah oyunçusu da meydanda olduğu müddətdə komanda yoldaşları kimi, aşağı səviyyədə çıxış etdi.

Renat Dadaşov - Yurçeviçin son əvəzləməsi uğurlu nəticələnə bilərdi. Ancaq hesab 0:1 lehimizə olarkən yüz faizlik qol şansını qaçırdı.

Ruslan SADIQOV

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest