"AFFA rəhbərliyi olaraq nəticələrdən razı deyilik. İcraiyyə Komitəsinin iclasında baş məşqçidən hesabat tələb olunacaq və gələcək taleyinə aydınlıq gələcək. Eyni zamanda, futbolçulara da suallarımız olacaq. çünki hamısı gücünün 100 faizini ortaya qoymur". Matc.az saytı xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Azərbaycan Radiosu 105-FM-də "Extra Time" proqramının qonağı olan assosiasiya rəsmisi AVRO-2020-nin seçmə mərhələsindəki uğursuz çıxışa görə, qurumu tənqid edənlərin fikirlərinə münasibət bildirib.

Məmmədov bunun düşünülmüş addım olduğunu vurğulayıb: "Peşəkar jurnalistlər var ki, düzgün tənqid edirlər, biz də bu yazıları təhlil edirik. Bir şeyi qəbul etmək lazımdı ki, AFFA rəhbərliyi futbol oynamır. Bizim işimiz milliyə ən yaxşı şəraiti yaratmaqdı. Təəssüf ki, subyektiv, qeyri-peşəkarlar, bəzən təhqirə yol verən yazılar dərc edirlər. özlərinə "jurnalist" deyənlər, futbolda şəxsi maraqlarını güdənlərin bir kampaniyasıdı. Hazırda birinci divizionda danışılmış oyunları 30 faiz azaltmışıq. Premyer Liqamızda bütün oyunlar təmiz keçir. Bax, həmin danışılmış oyunlara qarşı mübarizə aparırıq deyə, bu işdə maraqlı olanlar bizə qarşı belə mübarizə aparırlar. Bir müddət əvvəl legioner limitinin ləğv edilməsi üçün silsilə yazılar dərc edilməyə başladı. Bunda kimdi maraqlı tərəflər? ölkəyə müxtəlif menecerlər keyfiyyətsiz oyunçu gətirmək istəyirlər, bu üzdən də belə kampaniya aparıldı".

Baş katib onu istefaya səsləyənlərin də cavabını verib: "AFFA rəhbərliyi düşünsə ki, mənim istefamla Azərbaycan millisi dünya çempionatına və ya Avropa çempionatına vəsiqə qazanacaq, özüm gedərəm. Sadəcə, AFFA rəhbərliyinin "qara oyunlar"la apardığı mübarizə onları belə kampaniyalara sövq edir. Milli uduzan kimi bizə qarşı kampaniyaya başlayırlar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest