"Neftçi"nin keçmiş futbolçusu Lukas Qomesin paytaxt klubu ilə bağlı iddiasının təfərrüatları müəyyənləşib. Matc.az saytının əldə etdiyi məlumata görə, FIFA-ya rəsmi müraciət edən argentinalı forvard təzminat istəyib.

Məsələ burasındadı ki, ötən ilin yayında Qomeslə yollarını ayıran "ağ-qaralar" bəyanatda qarşılıqlı razılığa əsasən müqaviləyə xitam verildiyini vurğulamışdı. Lakin sonradan məlum olub ki, anlaşma birtərəfli şəkildə pozulub. Nəticədə Qomes keçən ilin mayından müqavilə müddətinin sonuna - yanvar ayına qədər olan məvacibini almaq üçün ali futbol qurumuna şikayət ünvanlayıb.

Qomesin tələbi 6 aylıq əmək haqqı olan 60 min dollarlıq təzminatın ödənilməsidi. FIFA artıq bu məsələ ilə bağlı araşdırmalara başlayıb. "Neftçi"nin günahı sübuta yetirilsə, ali futbol qurumu kluba sanksiya tətbiq edəcək.

"Neftçi" rəhbərliyi ötən il Lukas Qomes və Mayk Kampazı müqavilənin xitamına razı salmaq üçün futbolçuların maaşlarını gecikdirmiş, evlərinin 3 aylıq kirayə haqqını ödəməmişdi. Oyunçular hətta klubun bazasına da buraxılmırdılar. Kapmaz təzyiqlərə dözməyərək, rəhbərliyin tələbini qəbul etmişdi. Lakin Qomes müqavilə müddətinin sonuna qədər qalmaq istədiyindən, 32 yaşlı oyunçu əvvəlcə əvəzedici heyətə göndərilmiş, daha sonra isə yola salınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest