Bu gün İspaniya La Liqasının X turundan təxirə salınmış "Barselona" - "Real" oyunu keçiriləcək. Matc.az xəbər verir ki, şübhəsiz, bütün dünyanın diqqəti yenə "El Klasiko"da olacaq.

"Nou Kamp"da baş tutacaq qarşılaşma öncəsi hər iki komandanın baş məşqçisi və futbolçuları fikirlərini bölüşüb. Onların bəzilərini diqqətinizə çatdırırıq.

Ernesto Valverde ("Barselona"nın baş məşqçisi): "Real"ın heyətində meydana kimlərin çıxmasından, hansı oyunçuların zədəli olmasından asılı olmayaraq, biz yalnız öz oyunumuz barədə düşünməliyik. Eden Azar zədəli olsa da, onu Beyl, İsko, Vinisius və Rodriqo əvəz edə bilər. Onların hər biri keyfiyyətli futbolçudu. Biz öz istədiyimiz ssenarini ortaya qoymalıyıq. Bəzi futbolçularımız üçün bu, ilk ciddi sınaq olacaq. Onlar özlərini meydanda aktyor kimi yeni keyfiyyətdə hiss edəcəklər. Xüsusi oyun olacaq. Evdə "Real"la oyunlarımız daha çətin alınır. çünki onlar "Nou Kamp"da daha yaxşı çıxış edirlər. Rəqibin heyətində Kərim Benzemanı nəzarətdə saxlamalıyıq. O, əla mövsüm keçirir və hər oyun epizodları olur".

Lionel Messi ("Barselona"nın kapitanı): "Santyaqo Bernabeu"da oynayanda rəqib ev sahibi olduğu üçün hücumda daha çox vaxt keçirir. Belə olan halda bizim oyun qurmaq üçün daha çox boş zonamız olur. "Nou Kamp"da "Real" başqa cür oynayır, müdafiədə daha çox vaxt keçirir. Futbolda tənqidlər normaldı. İnsanlar qazanılan uğurları tez unudur, hər il eyni şeylər tələb edirlər. Zidan qayıdanda bilirdi ki, ilk təcrübəsi zamanı qazanılan çempionlar Liqası titullarının ikinci təcrübəsində önəmi olmayacaq. Böyük klubların məşqçiləri və futbolçuları hər zaman diqqət mərkəzində olduqlarını bilirlər. "Real"da Eden Azar möhtəşəm keyfiyyətlərə malik oyunçudu, istənilən müdafiənin başağrısı ola bilər. Amma Kriştianu Ronaldo ilə Azar başqa oyunçulardır. Ronaldonu əvəzləmək çox çətindir".

Frenki de Yonq ("Barselona"nın yarımmüdafiəçisi): "ötən il "Ayaks"ın heyətində "Real"a qarşı oyunlarımız xüsusi idi. Amma indi fərqli oyun gözləyir. çünki artıq başqa komandadayam. çox həyəcanlıyam, çünki mənim üçün ilk "El Klasiko" olacaq. Əvvəllər bu komandaların duellərini televiziya vasitəsilə izləmişəm. Ən çox bəyəndiyim isə "Nou Kamp"da 5:0 hesabının qeydə alındığı görüş idi. Dünyanın ən yaxşı iki komandası meydanda üz-üzə gələcək. Həmişə olduğu kimi, üstünlük qurmağa çalışacağıq. Onların necə oynayacağını bilmirəm, amma digər matçlardakı kimi davranacağıq. Bu oyun hər iki komanda üçün xüsusidi. İndi bunun vacibliyi ikiqat önəmlidi, çünki turnir cədvəlində vəziyyət eynidi. Bu səbəbdən əlavə təzyiq hiss edirik. Buna öyrəşmişik və xoşumuza da gəlir. Topa daha çox sahib olmaq, qol vəziyyətləri yaratmaq və azarkeşlərimizi qələbə ilə sevindirmək istyəyirik".

Zinəddin Zidan ("Real"ın baş məşqçisi): "Hazırda yaxşı vəziyyətdəyik. Bir müddətdi baxımlı oyun ortaya qoyuruq və gördüyümüz işlərdən məmnunuq. Hakim bu görüşdə sakit olmalıdı və biz ona öz işini görməyə imkan verməliyik. Heç nədən narahat deyiləm. Belə bir matçın iştirakçısı olacağımız üçün hamımız şadıq. "El Klasiko"larda oynadığımı xatırlayıram, bunlar xüsusi matçlardı. Bütün diqqətimizi qarşıdakı oyuna yönəltmişik. Kiminlə qarşılaşacağımızı bilirik. Onların Messisi olduğunu bilirik, ancaq bizim də öz silahlarımız var. "Barselona"ya qarşı komandamdan yaxşı performans gözləyirəm. Əsas nəticə deyil, 90 dəqiqə ərzində azarkeşlərin zövq ala biləcəyi futbol nümayiş etdirməkdi".

Kərim Benzema ("Real"ın hücumçusu): "Bu mövsüm La Liqanı qazanmaq istəyirəm. Bunun üçün komanda yoldaşlarıma əlimdən gələn köməkliyi etməyə çalışıram. Komandanın üçüncü kapitanıyam, bunu etməliyəm. "Barselona" ilə səfərdə qarşılaşmaq hər zaman çətindi. Bu, mövsümün matçı olacaq. ümid edirəm ki, qalib gələcəyik".

Qeyd edək ki, "Barselona" - "Real" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Hazırda hər iki komanda 35 xalla La Liqada liderliyi bölüşür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest