"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri cavab oyununu (0:0, ilk oyun 1:0) şərh edib. Matc.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"Yarımfinala çıxmaq sevindiricidi. "Neftçi"ni keçmək ikiqat sevindiricidi. Uşaqlara təşəkkür etdim. İlk oyunda başqa, indi başqa futbol oynadıq. Futbolçularım dediklərimizi etməyə çalışdı və etdi. 1 ildi ki, "Sumqayıt"dayam. çalışırıq ki, nələrisə dəyişək. Rəqib də bizi təəccübləndirdi. Bəzi dəyişikliklər edəcəyini gözləyirdik. Normal mübarizə apardıq.
 
Aleksey İsayevin yoxluğuna gəlincə, ona özüm icazə vermişəm. Toy mərasimi var, normaldı. Bizim komanda tək bir addan ibarət deyil. Futbolçunun da həyatında belə bir hadisə bir dəfə olur. Uduzsaydıq belə, ona bağlamayacaqdıq. Bu gün onun yerində oynayan Xəyal Nəcəfov daha yaxşı çıxış etdi.
 
Qışdan sonra çox çətin olacaq. Yaxşı mənada dəstək lazımdı. Bu gün gənclərin inkişafı göz qabağındadı. Biz yuxarı pillələri istəyiriksə, bunu rəhbərlik fikirləşməlidi. Hər məşqçi istəyir ki, yer də tutsun, kubok da qazansın. Qışdan sonra bütün rəqiblər güclənir. Vuruşacağıq. Əsas kollektiv oyunudu və biz bunu iki matçda da bacardıq. "Neftçi"nin futbolçuları ustalıq səviyyəsi baxımından Azərbaycanda 1 nömrədi. Amma bu gün biz sübut etdik ki, biz də yaxşılara layiqik. Yarımfinalda "Qarabağ"la qarşılaşmaq istəyirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest