Kiyev "Dinamo"su üçün ilin sonu üzücü keçib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Avropa Liqasında qrupda qalan Ukrayna təmsilçisində hücumçu Artyom Besedin dopinq-testə "ilişib".

"Malmö" ilə V tur matçında testdən keçən 23 yaşlı forvardda dopinq aşkarlanıb. Bu məlumatı klub rəsmi saytı vasitəsilə təsdiqləyib. Ukrayna millisinin üzvü hələlik 30 gün müddətinə futboldan uzaqlaşdırılıb. Lakin məsələ ilə bağlı araşdırma davam edir. Əgər futbolçu bundan təqsirkar bilinsə, bir neçə aylıq diskvalifikasiya ediləcək, hətta AVRO-2020-ni buraxa da bilər.

Ukrayna mətbuatı oxuculara Premyer Liqada oynadığı dönəmlərdə dopinqə "ilişən" futbolçuları sıralayıb. ümumilikdə 8 belə oyunçu olub ki, onlardan ikisinin yolu Azərbaycandan da keçib.

Hazırda "Səbail"in qapısını qoruyan Aleksandr Rıbka vaxtilə ölkəsinin ən istedadlı qapıçısı sayılırdı. 2012-ci ildə Donetsk "Şaxtyor"unda olarkən arıqlamaq üçün həblərdən istifadə edən Rıbka 2 illik cəzaya məruz qalmışdı. Futbola döndükdən sonra "Dinamo"ya qayıdan qolkiper bir müddət Türkiyədə də legioner həyatı yaşayıb. 32 yaşlı oyunçu karyerasını bitirdikdən sonra hər şeyi açıqlayacağını bildirib.

"Şaxtyor"da çıxış edərkən dopinqə görə başı ağrıyan daha bir futbolçu Aleksey Qay olub. 2011-ci ildə qripə yoluxan yarımmüdafiəçi həkimə məlumat vermədən özünü müalicə etməyə çalışıb. Futbolçu dərmanın tərkibində bədənin fəaliyyətini gücləndirən qadağan edilmiş bir maddənin olduğunu bilməyib. Bir müddət futboldan uzaq düşən Qay sonradan xəbərdarlıqla kifayətlənmişdi. Lakin klubun həkimi Artur Qluşenko 6 aylıq cəzalandırılmışdı. Qay 2015-ci ilin əvvəlindən 2016-cı ilin yayına qədər "Qəbələ"nin formasını geyinib.

Ukraynada oynadığı müddətdə qanında dopinq aşkarlanmış digər futbolçular Dario Srna ("Şaxtyor" - 17 aylıq cəza), Fred ("Şaxtyor" - 1 il), Dmitri Nevmıvaka ("Metallurq", Zaporojye - 1 il), Sergey Naqornyak ("Dnepr" - 2 il), Stanislav Mikitsey ("Aleksandriya" - 1,5 il) və Denis Stoyan ("Tavriya" - 4 ay) olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest