"Belə getsə, əlbəttə, nəsə olacaq. Komandaya köməyi dəymirsə... "Sumqayıt" cavab oyununda ortaya heç nə qoymadı, sırf nəticəni qorumaq haqda düşünürdülər"

Bu gedişlə Roberto Bordinin rəhbərliyi altındakı "Neftçi" Elxan Abdullayevin, Nazim Süleymanovun, Əsgər Abdullayevin, Samir Əliyevin dönəmindəki komandanın "atasına rəhmət oxutduracaq". ölkənin ən köklü komandası bu gün heyətinə görə göz oxşayır. Hətta bir çoxları "ağ-qaralar"ın son 6 ilin çempionu olan "Qarabağ"dan geri qalmadığını düşünür. Bordinin sərəncamında daha kimlər yoxdu?! Baqali Dabo, Stiven Jozef-Monroz, Vild-Donald Gerye, Soni Mustivar, Dario Federiko, Voislav Stankoviç, Evangelis Platellas, Rauf Əliyev, Emin Mahmudov, Anton Krivotsyuk. Adları saymaqla bitmir, maşallah, hamısı da bir-birindən adlı-sanlı, bacarıqlı.

Lakin Bordin bu cür heyətlə heç nə edə bilmir. ötən mövsüm çempionluğu öz əli ilə "Qarabağ"a təhvil verən italyan çalışdırıcı bu gün də "Qarabağ"a aşağıdan yuxarı baxır. Halbuki noyabrdan bu yana "köhlən atlar"ın hansı durumda olduğu hamıya bəllidi. çempionat bir yana, bu adamın çalışdırdığı komanda ardıcıl ikinci mövsümdü kubokun yarımfinalına yüksələ bilmir, daha doğrusu, azərbaycanlı balası, məşqçiliyə dünən başlayan Ayxan Abbasov ona imkan vermir. Yəni bu gün "Neftçi"nin titul qazanmaq üçün hər cür imkanı var. İstər heyət baxımından olsun, istərsə də yaradılan şərait. Sadəcə, Bordin kollektiv formalaşdırmaqda acizdi, xarakterində çox ciddi nöqsanlar var. Klub rəhbərliyi, sponsorlar, Müşahidə Şurasının üzvləri bir araya gəlib, senyorun yola salınması üçün "baş sındırmasalar", mövsümün sonunda başlarına döyəcəklər.
Elə bu məqsədlə Müşahidə Şurasının mətbuatdan gizlənməyən üzvü Səməd Qurbanovun fikirlərini öyrənmək istədik. İllərini yaşıl meydanlarda top dalınca qaçmağa həsr etmiş veteran futbolçunun dedikləri ilə bizim düşündüklərimiz üst-üstə düşdü. Səməd bəy də günahı italyanda görür, onun yola salınmasını istəyir.
- "Neftçi"də vəziyyət necədi? Gedib-gəlirsiz, maraqlanırsız?
- Əlbəttə, maraqlanıram. Vəziyyət gördüyümüz kimidi, mənim nəsə deməyimə ehtiyac yoxdu. İclas olmalıdı, gözləyirik.
- Nə vaxtdı iclas?
- Konkret gün deməyiblər. Yəqin ki, tarixi dəqiqləşdirən kimi bizə də məlumat veriləcək.
- İclasın xüsusi səbəbi var, yoxsa ilk yarının yekunları ilə bağlıdı?
- Əsasən yekunlarla bağlıdı. Yığışanda, təbii ki, başqa mövzularda müzakirələr də olur. Amma bu gün əsas söhbət mövzusu çempionatın ilk yarısı və nəticələrdi.
- Maraqlıdı, ilk yarı ilə bağlı sizin düşüncələriniz necədi?
- Komanda əladı, uşaqlar da maşallah, hamısı sözünü demiş futbolçulardı. Bu gün "Neftçi"də əla heyət var. Nəsə Bordin bir az... Kollektiv ola bilmirlər.
- Heyətdəki adlara baxırsan, adamın gözləri bərəlir. Bu komandanı hansı məşqçiyə versən, "Qarabağ"a nəfəs almaq imkanı verməz.
- Sizi inandırım, hətta "Qarabağ"ı keçmək də olar. Kollektiv olmalıdı, hamı can yandırmalıdı. Nə bilim, vallah.
- "Qarabağ" son bir ayda fiziki və psixoloji yüklənmə altındaydı. Hətta Qurban Qurbanov da hər açıqlamasında bunu çəkinmədən söyləyirdi. "Zirə", "Qəbələ", "Keşlə" kimi rəqiblərlə oyunlarda xal itirdiklərini xatırlayıram. "Neftçi" hətta bu durumda belə fərqi azalda bilmədi.
- Tam düz qeyd edirsiz. Bir dəfə uşaqları bir yerə yığıb söhbət etdik. Bir az özlərinə gəldilər, düzəldilər. Qış fasiləsinə yaxın yenə eyni şey.
- Bordinin ən böyük problemi komandada ailə ortamı yarada bilməməsidi. Razısız?
- Bayaqdan elə bunu demək istəyirəm. Uşaqlarla dil tapa bilmir. Futbolun içində olmuşuq, bu gün də futboldayıq. Hər futbolçunun öz dili var, məşqçi də hərəylə öz dilində danışmalıdı. Birinin başına sığal çəkməlisən, o birinin üstünə qışqırmalısan. Hamıya birdən sığal çəkmək, yaxud hamının üstünə qışqırmaq mümkün deyil. Bilirsiz, necədi? Məşqçinin əlinin altında 4-5 nəfər olmalıdı. Həmin futbolçular baş məşqçinin "sağ əli" sayılır. Həmin 4-5 nəfəri yanında saxlayırsan, o 4-5 nəfər də qalan 4-5 nəfəri yanına çəkir, vəssalam, olur komanda. Bordin bunu edə bilmədi, bacarmadı.
- Adamın xarakterində ciddi qüsurlar var. Jurnalistlərlə "atışır", həmkarları ilə yola getmir, hakimlərdən gileylənmədiyi oyun yoxdu, öz futbolçuları tərəfindən sevilmir.
- Bəli, tam razıyam. Az qala hər oyun sarı vərəqə alır. Mətbuatda oxuyuram ki, bəzi futbolçularla yola getmir. Rəhbərlik ona və futbolçulara lazım olan şəraiti yaradıb, nə istəyir, edirlər.
- Qış fasiləsində yola salınması mümkündü?
- Açığı, belə bir söhbətimiz olmayıb. Belə getsə, əlbəttə, nəsə olacaq. Komandaya köməyi dəymirsə... "Sumqayıt" cavab oyununda ortaya heç nə qoymadı, sırf nəticəni qorumaq haqda düşünürdülər. "Neftçi" onları ayaqlaya-ayaqlaya keçməliydi. Bordin uşaqları hazırlaya bilmədi.
- Müşahidə Şurasının üzvü olaraq Roberto Bordinin işindən narazısız, günahı onda görürsüz.
- Bəli-bəli. Nəticə yoxdusa, cavabdeh odu. Yenə deyirəm, rəhbərlik lazım olan şəraiti yaradıb. Yəqin ki, bu iclasda nəsə bilinər. Ya göndərilər, ya da qarşısına konkret tələb qoyular. Onunla idman dilində danışmaq lazımdı ki, başa düşsün. Futbol+

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest