Vəli Qasımovun 50 illik yubileyində çıxış edən və dostluq görüşünün iştirakçısı olan rusiyalı keçmiş futbolçu, Moskvanın "Spartak" klubundakı çıxışları ilə tanınan Valeri Şmarovun matç.az saytına müsahibəsi

- Sabiq komanda yoldaşlarınızın əksəriyyəti məşqçi fəaliyyəti ilə göz önündədi. Siz isə sanki kölgəyə çəkilmisiniz?
- Düzdü, futboldan kənardayam. Mən hazırda başqa işlə məşğulam, amma oğlum çox istedadlıdı. Onun yaxşı futbolçu olacağına ümid edirəm.

- Bu, sizin Bakıya ilk səfəriniz deyil. İlk gəlişinizi xatırlayırsınız?
- Yadıma gəlir, ancaq dəqiq vaxtını xatırlamıram. Bildiyim odu ki, "Spartak" klubunun heyətində "Neftçi"yə qol vurmuşdum.

- Bəs Azərbaycanda sonuncu dəfə nə vaxt olmusuz?
- Rusiyalı veteranlarla oyun olmuşdu, 1:1 hesabı ilə başa çatmışdı. Onda veteranların heyətində mən də var idim.

- Bakı çox dəyişib?
- çox yeniliklər var. Olduqca xoşuma gəldi.

- Azərbaycan futbolu ilə bağlı məlumatınız varmı?
- Düzünü desəm, geniş məlumata malik deyiləm.

- Vaxtilə sizinlə eyni komandada oynamış Qurban Qurbanovu necə? Onun rəhbərlik etdiyi "Qarabağ"ın çempionlar Liqasında oyunlarından da xəbəriniz olmadı?
- Qurban Qurbanov mənim dostumdu. Düzdü, onunla Voronejin "Fakel" klubunda 3 il birlikdə çıxış etmişik. Biləndə ki, çempionlar Liqasındakı "Qarabağ"ın baş məşqçisi məhz  odu, çox sevinmişdim. Uğurlar arzulayıram.

- Azərbaycan klubunun bu səviyyədə uğurlu çıxışı sizin üçün təəccüblü olmadı?
- Açığı, məni həm Qurban Qurbanov təəccübləndirdi, həm də komandası.

- Sizin vaxtınızda, Nazim Süleymanov, Vəli Qasımov kimi futbolçular Rusiya klublarında forma geyiniblər. İndi isə belə futbolçular yoxdu. Sizcə, bunun səbəbi nədi?
- Ola bilsin ki, buna legioner limiti mane olur.

- Rusiya futbolunun yetirmələri Ramil Şeydayevlə Emin Mahmudovun Azərbaycan yığmasını seçməsi ölkənizdə böyük müzakirələrə səbəb oldu. Bununla bağlı siz nə düşünürsüz? ümumiyyətlə, onların karyeraları barədə məlumatlısız?
- Onların həm Rusiya, həm də Azərbaycan yığmasını seçmək şansları var idi. Sizin komandanızı seçdilər. Məncə, sizə çox kömək edəcəklər.

Vüqar XİLƏLİ

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest