"Bizim üçün vacib oyun idi. Doğma azarkeşlərimiz önündə yaxşı çıxış etdik və 3 xal qazandıq. Qələbənin dadını çıxarırıq". Matç.az saytının Qazaxıstan mətbuatına istinadən məlumatına görə, bunu "Astana"nın yarımmüdafiəçisi Riçard Almeyda deyib.

Azərbaycan millisinin üzvünün formasını geyindiyi komanda Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Renn" üzərində 2:0 hesablı qələbə qazanıb. Dünənki görüşdə 63 dəqiqə meydanda olan Almeyda uğurlu çıxışlarından danışıb: "Baş məşqçi meydanda hamının yükünü bərabərləşdirir. Bu qələbə ilə "Astana"nın iddiasını bir daha göstərdik. Təhlükəli hücumlar qurmaqda problem yaşamayan oyunçularımız var. Fikrimcə, bu, Qazaxıstan futbolu üçün böyük zəfərdi. Ukrayna nəhəngi (Kiyev "Dinamo"su) ilə bərabərə qaldıq, ardından fransızlara qalib gəldik".

Almeyda Qazaxıstan çempionatındakı hədəflərindən də söz açıb. O, başa çatmaqda olan mövsümü zirvədə tamamlamaq arzusunda olduqlarını vurğulayıb: "Oktyabrda futbolçular yığmaların düşərgələrinə yollanacaqlar. Ancaq buna qədər ölkə çempionluğuna bir qədər də yaxınlaşmalıyıq. Məqsədimiz çempion olmaqdı. Qazaxıstan çempionatı çox güclüdü. Burda "Astana" tək deyil, "Aktobe" və "Kayrat" da yarışır. çox sayda yüksək səviyyəli futbolçular var. özümü əla hiss edirəm".

Qeyd edək ki, ölkə çempionatında 27 turdan sonra ilk sırada qərarlaşan "Astana" sona 5 tur qalmış ən yaxın izləyicisi "Kayrat"ı 7 xal qabaqlayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest