Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Kosovo – Azərbaycan görüşü öncəsi hər iki federasiya nümayəndələri bir araya gəlib. Matç.az-ın Kosovo Futbol Federasiyasının (KFF) rəsmi saytına istinadən məlumatına görə, ev sahibləri ənənəvi olaraq qonaqlarla yemək süfrəsi arxasında əyləşib.

Federasiya prezidenti Agim Ademi, vitse-prezident Bakir Buri, nümayəndə Mirsad çollaku və baş katib Eroll Salihi Azərbaycan nümayəndə heyətinə ziyafət verib. Ziyafətdə AFFA-nın vitse-prezidenti Rauf Əliyev, baş katib Elxan Məmmədov, həmçinin AFFA İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov iştirak edib.

Söhbət zamanı Bakir Buri Kosovo futbolunun inkişaf proqramı, gələcək strategiyası və infrastruktur barədə məlumat verib. Hər iki federasiya rəsmiləri futbolun bütün sahələrində əməkdaşlığı genişləndirmək barədə razılıq əldə ediblər. Sonda hədiyyələr təqdim olunub.

Qeyd edək ki, bu gün keçiriləcək Kosovo – Azərbaycan matçı Bakı vaxtı ilə 23:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest