19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatları tarixində 4-cü dəfə ilk mərhələni adlayıb. Matç.az saytı xəbər verir ki, Gürcüstanda keçirilən 1-ci seçmə qrupunda uğur qazanan Vüqar Məmmədin yetirmələri yığmamızın yarışdakı çıxışlarının tarixinə 4-cü uğurun müəllifi kimi düşüb.

Millimiz turnirə İsrailə 1:4 hesablı məğlubiyyətlə başlasa da, ardınca Gürcüstanı 2:1, Lixtenşteyni 3:0 hesabı ilə üstələyib. Ardıcıl iki qələbə qrup ikinciliyi və elit-raunda vəsiqə verib.

4-cü dəfə. Avropa çempionatlarında 1994-cü ildə debüt edən, əvvəl U-18, sonra U-19 kimi yarışa qatılan Azərbaycan yığması ümumilikdə 25-ci dəfə qitə səhnəsinə çıxıb. Bunadək komandalarımız 3 dəfə ilk səddi keçmişdi. Uğursuzluq tilsimini 2006-cl ildə Arif Əsədovun rəhbərlik etdiyi yığma Kiprdə qırıb.

12 ildən sonra Vüqar Məmməd U-19-la mərhələ keçən ikinci azərbaycanlı baş məşqçi olub. Bu müddətdə əldə olunan digər ki uğur isə almaniyalıların aktivindədi. 2009-cu ildə Bernard Lippert İsraildə, 2014-cü ildə isə Nikolay Adam Macarıstanda milli ilə tur keçib. Son üç cəhd isə uğursuzluqla nəticələnib və yığmamız 4 ildən sonra mərhələ keçməyi bacarıb. Maraqlıdı ki, komandamız həmişə 2-ci yerin sahibi kimi elit-raunda yüksəlib.

Tarixin ən yaxşısı. Azərbaycan yığması yarışdakı çıxışları ərzində ən yaxşı nəticəyə imza atıb. Söhbət bir turnirdəki göstəricilərdən gedir. Yığmamız indiyədək yalnız 1 dəfə turnirdə 2 qələbə qazanıb. 6 xal əldə olunduğu yeganə turnir 2009/10 mövsümündə qeydə alınmışdı.

Gürcüstandakı qrup oyunlarında həm qələbə, həm xal sayındakı rekord təkrarlandı. Amma Lippertli yığmanın top fərqi 5-4 idisə, bu dəfə həmin rəqəm daha üstün olub – 6:5. Bu da mütləq olaraq ən yaxşı nəticədi.

Bir turnirdə 6 qol. Yığmamızın bir turnirdə 6 qol vurması da rekordun təkrarıdı. 2008/09 mövsümündə Yaşar Vahabzadənin baş məşqçisi olduğu komanda da 6 qola sevinmiş, lakin cəmi 4 xal yığdığından qrupda qalmışdı.

Hər oyunda qol. Bu dəfə komanda hər üç oyunda qol sevinci yaşayıb. Beləliklə, son illərin ənənəsi davam edib. Söhbət komandanın cüt illərdə hər üç oyunda qol vurmasından gedir. 2012-ci ildə Vəli Qasımov, 2014-cü ildə Nikolay Adam, 2016-cı ildə Nazim Süleymanovun yetirmələri bütün matlarda rəqib qapısına yol tapmışdı.

5-ci darmadağın. Yığmamız seçmə mərhələlərdə 5-ci böyükhesablı qələbəsini qazanıb. Əvvəlki 24 turnirdə cəmi 4 belə hesab qeydə alınıb. 2002-ci ildə Şakir Qəribovun yetirmələri San-Marinonu 3:0 hesabı ilə yenib. 6 ildən sonra Yaşar Vahabzadənin baş məşqçisi olduğu komanda eyni ölkənin təmsilçisinə qarşı daha amansız olub – 5:0. Son iki böyükhesablı qələbə isə Bernard Lippertin dövrünə təsadüf edib. 2009-cu ildə İsrail, bir il sonra Gürcüstan 3 cavabsız qolla "zərərsizləşdirilib".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest