Azərbaycan futbol kitabxanasının zəngin olmadığı hər kəsə bəllidi. Matç.az saytı xəbər verir ki, müstəqillik illərində çox az saytda kitaba qovuşan futbolsevərlərin ixtiyarına yeni toplu verilib.

Bu, əsasən bir şəhərin - Tovuzun futbolunun tarixini əks etdirən ensiklopedik topludu. "100 yaşlı Tovuz futbolu" kitabı nəfis şəkildə - cəmi 500 nüsxə çap edilib.

Kitabın müəllifi uzun illər şəhərin "Turan", "Turan-T" və "Turan-Tovuz" klublarında müxtəlif vəzifələrdə çalışmış Rasim Əliyevdi. 1992-ci ildə Tovuzda yaradılan ilk peşəkar klub "Turan"da fəaliyyətə başlayan Əliyev həmin vaxtdan belə bir toplunu ərsəyə gətirmək istəyib.

1994, 1995, 2004 və 2014-cü illərdə bu kitab buraxmaq istəyən müəllif yalnız sonuncu cəhdində uğur əldə edib. 4 il əvvəl başlayan iş nəhayət bu ilin yayında yekunlaşıb və kitab mətbəəyə göndərilib.

Əvvəlki cəhdlərin uğursuz alınası ilə maliyyə məsələləri ilə bağlı olub. Nəhayət, "Tovuz" Xeyriyyə Cəmiyyətinin sədr müavini çingiz Abbasov və "Turan"ın yaradıcısı Vidadi Əhmədovun maliyyə dəstəyi nəticəsində "100 yaşlı Tovuz futbolu" işıq üzü görüb.

Əliyev "Turan"a gəldikdən sonra qələmə almağa başladığı, lakin təxminən 30 il əvvəldən istəyində olduğu kitabla bağlı ideyanın səbəbini belə izah edib: "Hələ gənc yaşlarında qəzetlərdən materiallar oxuyardım. Bölgə futboluna aid nələrəsə rast gəlmək olduqca çətin idi. Bütün yazılar şəhər komandalarına həsr olunardı. İçimdə həmişə bir istək doğurdu ki, oxuculara az da olsa bölgə futbolu haqda nəsə vermək lazımdı. Bu bölgə Bakı şəhərindən sonra futbolun yarandığı ilk məkandır. Beləcə materiallar toplayıb, yazmaq qərarına gəldim".

Arxiv materialların azlığından şikayətlənən müəllif əsasən veteran futbolçular, yaşlı nəsil azarkeşlər, onların xatirələrindən istifadə edib. Topluda Tovuz futbolunun intibah dövrü, şəhərdə ilk rəsmi oyun, futbol məktəbinin banisi Qara Əliyev, müharibə illəri, 1946-cı ilin Düyərli faciəsi, yerli "Spartak"ı və SSRİ dövrünə aid olan bir sıra tarixi materiallar əksini tapıb.

Kitabın böyük hissəsi müstəqillik illərinə, "Turan"ın yaranması ilə başlayan yeni dövrə həsr olunub. Burada müasir futbolun korifeyləri, qəhrəmanlıq salnaməsi, ikinci yüksəliş dövrü və sponsorsuz günləri, yeni yaranan "Turan-Tovuz"un I diviziondakı çempionluğu barədə yazılara da yer verilib.

Əliyev tovuzlu futbol hakimləri, yerli futbol məktəbi, stadion və azarkeşləri də unutmayıb. ümumilikdə 282 səhifədən ibarət olan kitabda Tovuz futbolunun tarixi ilə bağlı şəkillərdə də yer verilib. Statistikaya həssas yanaşan müəllif həm "Turan", həm ölkə çempionatları ilə bağlı bir sıra maraqlı göstəriciləri də kitabına daxil edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest