"Keşlə"nin milliləşdirmək istədiyi paraqvaylı Sezar Meza Kolli Azərbaycana transfer olunduğu 2013-cü ilin yayından bu yana çox pis göstərici ilə yadda qalıb. O, ölkəmizdə və Rumıniyada keçirdiyi 7 mövsüm ərzində (cari mövsüm başa çatmayıb) təsadüfi hallarda bütün 90 dəqiqəni meydanda olub.

Yarımmüdafiəçinin 90 dəqiqə meydanda olduğu oyunların cəmi sayı: çempionatda – 29, ökə kubokunda – 7 və avrokuboklarda – 2. Toplam 38 oyun keçirib ki, bu da orta hesabla bir mövsüm ərzində cəmi 5,4 oyun deməkdi.

Eyni müddətdə, yəni son 7 mövsüm ərzində Meza Kolli bütün yarışlarda əsas heyətdə cəmi 90 dəfə (72 çempionat, 16 ölkə kuboku və 2 avrokubok matçı) meydana çıxıb ki, bu da orta hesabla bir mövsüm ərzində cəmi 12,85 oyun deməkdi.

Yeri gəlmişkən, dünən ölkəmizdə çıxış etmiş bəzi legionerlərin Xocalı soyqırımı ilə bağlı paylaşımları diqqət çəkdi. İbrahim Şehiç, Riçard Almeyda və Vaqner Silva bu önəmli günə biganə qalmadı. Və bu məsələdə "Qarabağ"ın xidməti danılmazdı. Ağdamlılar klub olaraq təkcə futbol oynamır, həm də ölkəni təbliğ edir, əcnəbilərlə fəal iş aparır.

Eyni şeyi "Keşlə"də görmürük. Klub rəhbərliyi Meza Kolliyə verilməsi nəzərdə tutulan vətəndaşlığın hansı ölkəyə aid olduğunu başa salmalı, onun özünü azərbaycanlı kimi göstərməsinə nail olmalıydı. Sezar məhz dünən özünü heç olmasa, 33,33 faiz azərbaycanlı kimi göstərə bilərdi (qalan 66,66 faiz Paraqvay və İtaliya vətəndaşlığı üçün qalsın – red.). Amma görünür vaxtını daha çox bar və gecə klublarında keçirməyi, orada döyülməyi sevən Meza Kolliyə hələ Xocalı soyqırımının nə olduğunu başa salmayıblar. futbolinfo.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest