"Oyuna yaxşı başlamadıq. "Neftçi" isə layiqli qələbə qazandı". Matç.az saytı xəbər verir ki, bu sözlər "Sabah"ın baş məşqçisi Elşad Əhmədova məxsusdu.
Topaz Premyer Liqasının VII turunda "Neftçi"nin qonağı olan debütant 0:2 hesabı ilə məğlub olub.
Oyunsonrası mətbuat konfransında Əhmədov fikrini bu sözlərlə davam etdirib: "Müdafiədə boşluqlar buraxdıq və nəticədə erkən qol buraxdıq. Hücuma keçməkdə də çətinlik yaşadıq. Fasilədən sonra özümüzü toparladıq. Fikrimcə, ikinci hissəni bir qədər üstün keçirdik. ön xətdə problemlərimiz var".
- "Qarabağ"la matçdan sonra 1 xala layiq olduğunuzu demişdiniz. Bu gün nəyə layiq idiniz?
- Bu gün eyni sözləri deyə bilmirəm.
- Yenə birinci hissədə əvəzetməyə əl atdınız...
- Açığı, "Neftçi"nin mərkəzdən hücum quracağını gözləyirdik. Ancaq sonradan cinahları bağlamalı olduq.
- Hücumdakı problemdən danışarkən Deviçi nəzərdə tutursunuz?
- Xeyr, bura hücumameyilli yarımmüdafiəçilər də aiddi.
- Elşən Abdullayevin son durumu nə yerdədi?
- Təxminən 1 həftədən sonra məşqlərə başlayacaq.
- Geridə qalan ilk dövrəni necə dəyərləndirərdiniz?
- Debütant komanda üçün 10 xal normaldı. Nəticə baxımından razıyam, amma oyun olaraq, xeyr.
- Uzun müddət "Neftçi"də işləmisiz. Yenidən bu arenaya daxil olmaq necə hissdi?
- özümü "Neftçi"li kimi hiss etdim. Hətta stadiona gələndə çaşıb paltardəyişmə otağını səhv salmışdım.