Bütün dünyada sürətlə yayılan koronavirus epidemiyası futbol üzrə UEFA çempionlar Liqası və Avropa Liqasını da yarımçıq qoya bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, UEFA hazırda avrokubok oyunlarının ləğvi variantını nəzərdən keçirir.
 
İddiaya görə, qitə futbol qurumu hər iki turniri 1/4 final mərhələsindən dayandırmağı planlaşdırır. 
 
Qeyd edək ki, UEFA artıq bir neçə qarşılaşmanın azarkeşsiz keçiriləcəyini açıqlayıb. Virusun yayılmasının qarşısını almaq məqsədilə Portuqaliyanın bütün peşəkar liqalarında yaxın müddətdə baş tutacaq oyunlar qeyri-müəyyən tarixədək azarkeşsiz keçiriləcək. Bu qadağa futzal üzrə millinin görüşlərinə də şamil olunur.
 
Eyni zamanda Fransada Liqa-1-in matçları aprelin 15-nə qədər azarkeşsiz oynanılacaq. Həmçinin martın 12-də Avropa Liqasının 1/8 final mərhələsində "Volfsburq" (Almaniya) və "Şaxtyor" (Ukrayna), LASK (Avstriya) və "Mançester Yunayted" (İngiltərə) komandaları arasında ilk oyunlar, Almaniya Bundesliqasının 26-cı turunun "Borussiya" (Dortmund) - "Şalke" matçı, martın 31-nə nəzərdə tutulan Almaniya və İtaliya yığmaları arasında yoldaşlıq görüşündə də fanatlar stadiona buraxılmayacaq.
 
Futbol üzrə Türkiyə millisinin Avstriya və Sloveniya ilə yoldaşlıq oyunları azarkeşsiz keçiriləcək. Hər iki rəqib federasiya qabaqlayıcı tədbirlərə görə bu addımı atıb.
 
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqiblərindən Kipr və Lüksemburq yığmaları arasındakı yoldaşlı görüşündə də azarkeş olmayacaq. Kiprin İsveçlə matçında da tribunalar boş olacaq. 
 
Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda Kipr, Lüksemburq və Monteneqro ilə birgə yer alıb.  Martın 27-də Lyublyanada Sloveniyanın qonağı olacaq Türkiyə yığması 3 gün sonra Vyanada Avstriya seçməsi ilə üz-üzə gələcək.
 
Futbol üzrə Avstriya çempionatının 23-cü və 24-cü turunun qarşılaşmaları eyni səbəbdən təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest