"Oyun çətin keçdi. çünki "Sabah" heç də zəif komanda deyil". Matç.az saytının məlumatına görə, bunu "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov deyib.

Topaz Premyer Liqasının VII turunda "Sabah"ı qəbul edən bakılılar 2:0 hesabı ilə qalib gələrək, liderliyi davam etdiriblər. Qarşılaşmadan sonra jurnalistlərə müsahibə verən ilk qolun müəllifi rəqibin yaxşı müqavimət göstərdiyini söyləyib: "Azərbaycan çempionatında zəif komanda yoxdu. Meydana çıxıb rahat qələbə qazanacağın rəqib tapa bilməzsən. "Sabah" da onlardan biridi. Bu gün sona qədər "döyüşdük". çünki mübarizə aparmadan, "döyüşmədən" heç nə əldə edə bilməzsən.

- İlk dövrəni lider kimi başa vurdunuz. Komandanın potensialı bunu davam etdirməyə imkan verirmi?

- Biz yalnız qarşıdakı oyunu düşünürük. Növbəti rəqibimiz isə "Qəbələ"di. çempion hələ mayda bilinəcək. Buna isə çox vaxt var. Bütün fikrimiz qaşıdakı görüşdə qələbə qazanmaqdı.

- "Qarabağ"ın eyni zamanda avrokuboklarda iştirak etməsini sizin üçün üstünlük saymaq olarmı?

- Mən belə düşünmürəm. Digər matçları unudub yalnız "Qarabağ" barədə düşünsək, bizdə heç nə alınmaz. Biz öz oyunlarımızı düşünməliyik, "Qarabağ"ın yox.

- Millinin Millətlər Liqasının qrup mərhələsində Farer adaları və Malta ilə oyunlarına dəvət gözləyirsizmi? Bu iki matçda 6 xal toplamaq mümkündümü?

- Dəvətlə bağlı Qurban müəllimdən soruşmaq lazımdı. Dəvətin olub-olmayacağını bilmirəm. Əgər çağırılsam, bütün gücümlə çalışacam ki, milliyə kömək edəcək gücdə olduğumu sübut edim. Əlbəttə ki, çətin oyunlar olacaq. Heç bir rəqib zəif deyil. Hər şey mümkündü. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə istəyimizə nail olarıq. Bilirik ki, onlar indi bizdən razı deyillər. çünki istədikləri nəticələri əldə edə bilməmişik. çalışacağıq ki, qələbələr qazanaq və onları razı salaq. Bu, bizim üçün çox vacibdi.

- Ramil Şeydayev sosial şəbəkə vasitəsilə "Qarabağ"ın oyunçusu Mahir Mədətova dəstək nümayiş etdirib. Mahirin "Arsenal"la dünənki görüşdə fitə basılmasına sizin münasibətiniz necədi?

- Ramil doğru addım atıb. Hər bir futbolçunun uğursuz dönəmi ola bilər. Görürəm ki, Mahir uğurlu çıxış üçün çox çalışır. Ola bilsin ki, istədiyi kimi alınmır. Digər tərəfdən Mədətovun pis oynadığını düşünmürəm. "Arsenal"la matçdakı mübarizəsi xoşuma gəldi. Düzdü, qol vurmaq üçün şansları oldu. Hər bir futbolçu "qara zolağ"a düşə bilər. Ona dəstək olmaq lazımdı.

- Sizi və Ramil Şeydayevi Azərbaycan millisinə dəvət etmək mümkün oldu. Ancaq Ayaz Quliyevlə Azər Əliyevi hələ də razı sala bilmirlər. Onların yığmaya qatılması nə dərəcədə realdı və bu futbolçular milliyə kömək edə bilərlərmi?

- Seçim haqqı futbolçuların özlərindədi. Əgər Rusiya yığmasını seçsələr, deməli, klub karyeralarını düşünürlər. çünki mən orda olarkən Azərbaycan millisini seçən kimi, əcnəbi statusu verdilər, limitə düşdüm. Rusiyada isə bu vəziyyətdə oynamaq çox çətindi. çünki ora böyük pullarla əcnəbilər gətirirlər. Limitə düşən gənc oyunçu üçün heyətə düşmək çox çətin olar. öz seçimləridi. Əsas odu ki, uğur qazansınlar. ümid edirəm ki, bunu Azərbaycan millisində edərlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest