"Əlbəttə, situasiya fərqli, qeyri-adidir. COVİD-19 virusunun yayılması, bunun pandemiyaya çevrilməsi həyatın, demək olar ki, bütün sahələrinə öz təsirini göstərib. Təbii ki, idman, xüsusilə də, futbol bu baxımdan istisna deyil". 
 
Matc.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov koronavirusun futbol yarışlarına təsiri ilə bağlı milli assosiasiyanın rəsmi saytına açıqlamasında deyib.
 
Məmmədov hər gün Avropadakı digər milli assosiasiyalarda çalışan həmkarları ilə əlaqə saxladıqlarını və UEFA ilə mütəmadi məsləhətləşmələr apardıqlarını bildirib. O, həmçinin Peşəkar Futbol Liqası və klubların rəhbərliyi ilə daimi təmasda olduqlarını əlavə edib: "Hadisələrin sonrakı gedişi ilə bağlı adını qeyd etdiyim qurumların təmsilçiləri ilə birgə müxtəlif senarilər üzərində düşünürük. Belə situasiyalarda qarşılıqlı əlaqə şəraitində çalışmalı və əlbəttə, ilk növbədə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına əməl etməliyik. çünki ən vacib məsələ sağlamlığın qorunmasıdır". 
 
AFFA rəsmisi futbolçuların fiziki hazırlıq səviyyəsinin də diqqət mərkəzində olduğunu vurğulayıb: "Təbii ki, yeni qrafikdə fiziki hazırlıqla bağlı dövr nəzərə alınacaq. Hamımız anlayırıq ki, bizim də məxsus olduğumuz Avropa zonasında milli komandaların və bütün digər turnirlərin təqvimində dəyişiklik qaçılmazdır. Hələ ki səbirli olmalı və gözləməliyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest