"Yaxşı oyun göstərmək istəyirdik. Futbolçularım əllərindən gələni etdilər, onlardan razı qaldım". Matç.az saytı xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.

"Ağ-qaralar" Topaz Premyer Liqasının XII turunda səfərdə "Səbail" üzərində 2:0 hesablı qələbə qazanıb.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən italiyalı mütəxəssis fikirlərini bildirib: "Güclü rəqibə qarşı oynadıq. Bir daha komandanı təbrik edirəm".

- Komandada ciddi itkilər var. Onların durumu necədir, növbəti oyuna hazır olacaqlar?

- Bizim yaxşı kollektivimiz var və bu, fərqimizdir. Zədəli futbolçuların olması futbolda normaldır. ümid edirəm ki, onlar tezliklə komandaya qoşulacaqlar.

- Oyunun əvvəlində Dario Federiko ilə aranızda problem oldu. Hətta onu əvəzləmək istədiniz, ancaq sonradan fikrinizdən daşındınız. Braziliyalı futbolçunu hansısa cəza gözləyir?

- Normal şeydir, oyun zamanı məşqçi futbolçu ilə danışır. Ciddi bir məsələ deyil. Əgər ciddi bir şey olsaydı, dərhal əvəzetmə edərdik. Darionun oyunundan razı qaldım.

- Rəhman Hacıyevi uzun müddətdən sonra start heyətində gördük. Onun oyunu sizi razı saldı?

- Tam razıyam. Bəzi epizodlarda qol vura bilərdi, əfsuslar olsun ki, alınmadı. Lakin göstəricilərindən razı qaldım.

- Paratskinin yoxluğunda "Neftçi" daha çox hücum futbolu oynadı və bunda Hacıyevin əməyi danılmazdır. Bundan sonra komandanız bu heyətlə oynamağa üstünlük verəcək?

- Bizim yaxşı kollektivimiz var və hər zaman dəyişiklik edə bilərik. Mən hər oyundan öncə məşqlər əsasında seçim edirəm. Rəhmanın komandamıza kömək etməsi yaxşı haldır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest