Baş nazirə ünvanlanan məktubda qeyd edilib ki, hazırda kütləvi oxucu auditoriyasını itirən idman mediası maliyyə çətinliyi ilə üzləşməkdədir

"Son vaxtlar bütün dünyanı bürüyən koronavirus pandemiyası səbəbindən dövlətimiz öz vətəndaşlarını qorumaq üçün bir sıra mühüm addımlar atmaqdadır. Bu tədbirlər arasında şübhəsiz ki, ən önəmlisi karantin rejiminin tətbiqidir. Karantin müddətində ölkəmizdə, eləcə də dünyada bütün idman yarışlarının ləğvi və təxirə salınması idmanı işıqlandıran media qurumlarının da işini çətinləşdirib".
 
Matc.az xəbər verir ki, bu fikirlər Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) Nazirlər Kabinetinə müraciətində yer alıb. Baş nazirə ünvanlanan məktubda qeyd edilib ki, hazırda kütləvi oxucu auditoriyasını itirən idman mediası maliyyə çətinliyi ilə üzləşməkdədir. Əməkdaşların əmək haqqını ödəməkdə çətinlik çəkən idman qəzetləri və saytlarının bu çətin dövrdə fəaliyyətini davam etdirməsi üçün Hökumətin dəstəyinə ehtiyac var.
 
Federasiyanın prezidenti, Əməkdar jurnalist Qabil Mehdiyev müraciətə müsbət cavab veriləcəyinə ümidvar olduğunu qeyd edib. Bildirib ki, Hökumət karantin dövründə idman mediasını DSMF ödənişləri və vergilərdən azad etməklə bu sahəyə dəstək ola bilər. Buna görə də, 1 aprel 2020-ci il tarixdən idman yarışları bərpa edilənədək, ölkədə fəaliyyət göstərən idman KİV-lərinin DSMF ödənişləri və vergilərdən azad edilməsi məsələsinə baxılması Nazirlər Kabinetindən xahiş olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest