UEFA Gənclər Liqasının II mərhələsində "Qəbələ" ilə "Herta" arasında keçiriləcək oyunun hakimi Ferenç Karako Azərbaycan komandaları üçün tanış simadı. Matç.az saytının məlumatına görə, macarıstanlı 4-cü dəfə təmsilçimizin görüşündə fit çalacaq.

2016-cı ildən FİFA referisi adına layiq görülən Karako ilk olaraq ötən il əsas millimizin Qətərlə yoldaşlıq görüşündə ədaləti qoruyub. Martın 9-da Dohada baş tutan oyunda yığmamız 2:1 hesablı qələbə qazanıb. Tərlan Quliyev və Araz Abdullayevin qolları ilə qalib gələn komandamızda yalnız Mahir Mədətov sarı vərəqə alıb.

35 yaşlı referi keçən ilin oktyabrında isə U-19 millimizin Aç-2018-in seçmə mərhələsində iki oyununa təyinat alıb. Ayın 7-də Serbiyaya 1:4 hesabı ilə uduzan U-19 bundan 3 gün sonra Kiprə yenilib (1:2).

ümumiyyətlə, beynəlxalq arenada 16 oyun idarə edən Ferenç Karako 56 sarı, 4 qırmızı vərəqə göstərib, 8 dəfə penalti təyin edib.

Qeyd edək ki, "Herta" – "Qəbələ" matçı noyabrın 28-də Berlində keçiriləcək. Qəbələdəki ilk oyunda qonaq komanda 3:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest