Koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış futbol üzrə Niderland çempionatının taleyinə aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, Niderland Futbol Federasiyası Erediviziyada 2019/20 mövsümünün ləğvinə qərar verilib. 
 
Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, federasiya rəhbərliyi ilə klublar arasında təcili toplantı keçirilib. İclasda ölkədəki bütün kütləvi tədbirlərin, eləcə də idman yarışlarının sentyabrın 1-nə qədər qadağan edilməsi səbəbindən, Erediviziya və digər futbol yarışlarının da ləğvi labüd bilinib.
 
Beləliklə, yekun qərara əsasən, Erediviziyada bu mövsüm üçün çempion elan olunmayacaq və yüksək liqanı heç bir komanda tərk etməyəcək. Yeni mövsüm hazırkı 18 klubun iştirakı ilə başlayacaq. Avrokuboklara vəsiqələrin sahibi isə turnir cədvəlindəki sıralamaya əsasən müəyyənləşəcək.
 
Qeyd edək ki, Niderland Erediviziyası martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb. Yekun sıralamaya əsasən, "Ayaks" və "AZ Alkmaar" 56 xalla zirvəni bölüşürdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest