Rəşad Sadıqov avrokuboklarda 100 oyun keçirən ilk Azərbaycan futbolçusu kimi tarixə düşəcək. Matç.az saytı xəbər verir ki, bu göstəricidə ölkəmizin ən yaxşısı olan 36 yaşlı müdafiəçi bütün Avropanın önündə qərarlaşanlardan xeyli geri qalır.

Bu da başadüşüləndi. Rəşad yalnız son 5 mövsümdə oyun sayını qrup mərhələsi hesabına ciddi şəkildə artıra bilib. Əvvəlki illərdə isə avrokuboklar onun üçün elə yayda başa çatırdı.

Avropanın aparıcı klublarında keçirdikləri oyunların hesabına qitənin öncülləri olan futbolçular isə nəinki yayda və payızda, hətta yazda da mübarizəni davam etdirmələri sayəsində aktivlərini zənginləşdirib.

Rəşad isə məhz oynadığı klubların gücü üzündən 10-12 ildə təxminən 50-60 oyun geri düşüb. Bu gerilik olmasaydı, Sadıqov UEFA-nın "150-lər" klubuna üzv olardı.

Avrokuboklarda isə məhz 150 oyun keçirənlər üçün siyahı tərtib edilir. Burada cəmi 12 futbolçu yer alıb. "14 nömrə"ni 13-cülükdən 50 matç ayırsa da, liderlərin kimliyinə nəzər salmaq maraqlıdı.

Avrokubokların "150-lər" klubu

1. İker Kasilyas (Real, Porto) - 182
2. Paolo Maldini (Milan) - 174
3. Xavi (Barselona) - 173
4. Pepe Reyna (Barselona, Vilyarreal, Liverpul, Napoli, Bavariya) - 165
5. Kriştiano Ronaldo (Sportinq, Mançester Yunayted, Real, Yuventus) - 164
6. Klarens Zeedorf (Ayaks, Real, İnter, Milan) - 163
7-8. Canluici Buffon (Parma, Yuventus, PSJ) - 161
Raul Qonzales (Real, Şalke) - 161
9. Xavyer Zanetti (İnter) - 160
10. Rayan Qiqqz (Mançester Yunayted) - 159
11. Dani Alves (Sevilya, Barselona, Yuventus, PSJ) - 152
12. Ceymi Karrager (Liverpul) - 150

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin V turunun "Qarabağ" – "Sportinq" oyunu Rəşad üçün 100-cü avrokubok matçı ola bilər. Bunun üçün "Neftçi", "Kayserispor" və "Qarabağ"la qitə kuboklarında oynamış müdafiəçinin meydana çıxması kifayətdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest