"Təki hər şey yaxşı olsun və karantin rejimi tezliklə bitsin. Mayın 23-də başlamaq istəyirlər, bəlkə də vaxtın azlığına görə bu qərarı veriblər. Amma düşünürəm ki, komandalara hazırlaşmaq üçün çox vaxt verilsəydi, daha yaxşı olardı"

"Səbail" klubunun futbolçusu Rahid Əmirquliyevin müsahibəsi
 
- Peşəkar Futbol Liqası çempionatın mayın 23-də bərpasının nəzərdə tutulduğuna dair açıqlama yayıb. Bu qədər vaxt mövsümün qalan hissəsinə hazırlaşmaq üçün kifayətdir?
 
- Təki hər şey yaxşı olsun və karantin rejimi tezliklə bitsin. Mayın 23-də başlamaq istəyirlər, bəlkə də vaxtın azlığına görə bu qərarı veriblər. Amma düşünürəm ki, komandalara hazırlaşmaq üçün çox vaxt verilsəydi, daha yaxşı olardı. Belə olanda isə məşq etməyə az vaxt qalır. Amma bizim işimiz oynamaqdır. Nə qərar verilirsə, hörmətlə yanaşıb icra etməliyik. Yenə deyirəm, hazırlıq üçün vaxt bir qədər də artırılsaydı, daha yaxşı olardı. 
 
- Premyer Liqa iki aya yaxındır dayanıb və normal məşq etmirsiniz. Əvvəlki formaya qayıtmaq üçün nə qədər vaxt lazımdır? 
 
- çempionatın çoxdan dayandığı doğrudur. Evdə məşq etməklə meydanda hazırlaşmaq eyni deyil. Ona görə deyirdim ki, bizə daha çox vaxt verilsəydi, daha yaxşı olardı. O halda daha yaxşı formaya düşmək mümkün idi. Lakin 2-3 həftə də az vaxt deyil, tam hazır olmasaq da, müəyyən forma yığa bilərik. 
 
- Bu amil turnir cədvəlindəki mövqeyinizə çoxmu təsir edəcək?
 
- Əlbəttə. Komandaların hazırlaşmasından çox şey asılı olacaq. Amma bütün komandalar üçün vaxt və şərait eynidir. Ona görə bu böyük problem olmamalıdır. İnanıram ki, çempionatda yerlərdə dəyişiklik olacaq və "Səbail" də yuxarı pillələrə qalxacaq.
 
- Premyer Liqanın qalan hissəsinin azarkeşsiz keçəcəyi də bildirilib. Buna münasibətiniz necədir?
 
- Bizim çempionatda azarkeş o qədər də çox olmur. Lakin onlarsız çempionat keçirmək yaxşı hal deyil. Futbol azarkeşlər üçün oynanılır. Azarkeşlə daha yaxşı olardı, fanatlarsız futbolun ləzzəti yoxdur. 
 
- FIFA futbolçuları zədələrdən qorumaq üçün 5-ci əvəzetməni təklif edir. Bu qayda lazımdırmı? 
 
- FIFA-nın təklifini mən də oxumuşam. Yəqin onlar da düşünürlər ki, uzun fasilədən sonra çempionatlar bərpa olunacaq və bu, lazımdır. çempionata hazırlaşmaq üçün vaxt o qədər də böyük deyil. Bunu nəzərə alıb, təklif irəli sürüblər. Məncə, pis təklif deyil, tətbiq edilməsi yaxşı addım olardı.
 
- Avropada bəzi komandalar müəyyən qaydalarla məşq edirlər. Bu, koronavirusun yayılmasının qarşısının alınması üçündür. çempionat bərpa olunduqdan sonra hansısa rəqib futbolçu ilə mübarizəyə girməkdən, yaxın təmasdan çəkinməyəcəksiniz? 
 
- Məşqə və çempionata başlayacağıqsa, mübarizə aparmalıyıq. Futbol elədir ki, uzaqdan topu almaq olmur. Rəqibə yaxın oynamalısan. Mübarizədən çəkinməyəcəyik. Əks halda, oynamaqdansa, oynamamaq yaxşıdır. Rəqibə yaxınlaşmamış necə oynamaq olar?
 
- Məşqə maska ilə çıxmaq təklif olunsa, reaksiyanız necə olar?
 
- Qərar elə olacaqsa, maska taxacağıq. Amma maska ilə məşq etmək alınmayacaq. Normal vəziyyətdə gəzmək olar, lakin qaçarkən nəfəs almaq çətinləşər. Heç inanmıram ki, elə bir təklif olsun.
 
- Müqaviləniz mövsümün sonunda bitir. Klubda qalmaq istəyirsiniz?
 
- Yeni sözləşmə üçün klubla danışmamışıq. çempionatın sonunadək vaxt var. Mövsümün sonuna kimi bu məsələyə aydınlıq gətirəcəyik. 
 
- Premyer Liqadakı digər klublardan təklif aldığınız iddia olunur... 
 
- Bəzi söz-söhbətlər olurdu. Belə yazılırdı ki, haradansa təklif almışam. Lakin heç bir real təklif olmayıb. Bu səbəbdən, "Səbail"də qalmağa üstünlük vermişəm. Söhbətlər çempionatda qış fasiləsində başlamışdı. Amma real bir şey yox idi, sadəcə, söhbət idi. Hazırda da real nə isə yoxdur. 
 
- Məşqlərə nə vaxt başlayacağınıza dair sizə bir söz deyilib? 
 
- Hələ heç nə deyilməyib, onlayn məşqlər edirik.
 
- Komandada əsas kapitan Eltun Yaqublu, ən tanınmış futbolçu isə Maykl Essyendir. Rahid Əmirquliyev isə ən üzdə olan futbolçudur. Komandada hansınızın sözü keçir: Kapitanın, sizin, yoxsa Essyenin? 
 
- Komandamızda çoxlu gənc futbolçu var. Biz bir komandayıq, ona görə həm Eltunun, həm mənim, həm də Essyenin sözü keçir. Bizdə belə bir şey yoxdur ki, kimsə özünü başqalarından üstün tutsun. Lazım olanda digər təcrübəli oyunçuların da sözü keçir.  
 
- Maykl Essyen xaraktercə necə insandır?
 
- çox tanınmış futbolçudur, buna baxmayaraq, çox sadədir. Bizimlə xeyli zarafatlaşır, özünü sadə aparır. Cavanlara çox şey öyrədir. (report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest