"Milli komandaya çağırışa cavab verməyə hazıram. Federasiya və məşqçilər heyəti bundan xəbərdardır. Yığmada oynamaq mənim üçün şərəfdir".

Matc.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin qapıçısı Stanislav Namaşko Moldova Futbol Federasiyasının rəsmi saytına deyib. 34 yaşlı qolkiper bildirib ki, hazırda həyat yoldaşı və 2 övladı ilə birlikdə Tiraspol şəhərindədir: "Gündə bir-iki saat məşq edirəm. Hər axşam komandamla birlikdə onlayn hazırlıqda oluram. Qalan vaxtımı isə ailəmlə keçirirəm. Evdə çoxlu iş olur. Heç musiqiyə qulaq asmağa belə vaxtım yoxdur".

Təcrübəli oyunçu Azərbaycan Premyer Liqası ilə bağlı qeyri-müəyyənliyin davam etdiyini söyləyib: "Hər şey hökumətin qərarından asılıdır. Əvvəlcə ölkədə mayın 4-dək karantin rejimi elan olunsa da, sonradan müddəti həmin ayın 31-dək uzatdılar. "Keşlə" hazırda 3-cü pillədə qərarlaşıb. 4-cü sıradakı "Sumqayıt"ı isə 7 xal qabaqlayırıq. Avroliqaya vəsiqə qazanmaq şansımız var".

Moldovalı qapıçı istənilən an Azərbaycana qayıtmağa və komandasına qoşulmağa hazır olduğunu bildirib: "Kişinyovda yerləşən Azərbaycan səfirliyi ilə əlaqə saxlamışam. Bütün lazımı sənədləri hazırlayıb Azərbaycan vətəndaşları üçün Bakıya çarter reysinin təşkil olunmasını gözləyirəm".

Namaşko "Keşlə" ilə müqaviləsinin iyunun 31-dək olduğunu açıqlayıb: "Pandemiya səbəbindən hələlik rəhbərliklə müqavilənin uzadılması barədə danışmamışam. Açığı, "Keşlə"də oynamağa davam etmək istərdim. Buna görə də ümid edirəm ki, mənə yeni müqavilə təklif olunacaq".

Qeyd edək ki, Stanislav Namaşko cari mövsümün əvvəlində "Keşlə"yə transfer olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest