Belçikanın paytaxtı Brüsseldə Avropa Komissiyası və UEFA-nın təşkilatçılığı ilə "İdman qurumlarının Avropa Birliyi tərəfindən maliyyələşdirilməsi imkanları" mövzusunda seminar keçirilib. Matç.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, seminar Avropa Komissiyası, Avropa ölkələrinin hökumət üzvləri, UEFA və UEFA-ya üzv olan 55 milli assosiasiyasının nümayəndələrinin iştirakı ilə Regionlar üzrə Avropa Komisiyasının baş ofisində təşkil olunub.

AFFA-nın Marketinq və Sponsorluq şöbəsinin müdiri Tural Piriyev seminarda iştirak edib. Regionlar üzrə Avropa Komissiyasının prezidenti Karl-Heinz Lambertz açılış nitqi ilə çıxış edərək idmanın və xüsusilə də futbolun Avropada inkişafın, sosial inklüzivlik və həmrəyliyin təbliği üçün çox böyük rolu olduğunu və Avropa birliyinin idmanın və futbolun inkişafına yaxından dəstək olmasının vacibliyini qeyd edib.

Gün ərzində davam edən seminarda müxtəlif təqdimatlar edilib və qrup müzakirələri keçirilib. Avropa birliyinin maliyyə alətləri, birbaşa investisiya və dəstək proqramları ətraflı müzakirə olunub, milli assosiasiyalar tərəfindən müxtəlif təkliflər irəli sürülüb.

Seminarın sonunda Lambertz və UEFA-nın birinci vitse-prezidenti Karl-Erik Nilsson tərəfindən Avropa Komisiyası və UEFA-nın Avropada idmana birgə investisiyası ilə bağlı birgə bəyənnaməsi imzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest