"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin V turunda evdə Portuqaliya "Sportinq"inə 1:6 hesabı ilə məğlub olduqları oyundan sonra brifinq keçirib.

Təcrübəli müdafiəçi Matç.az saytının əməkdaşının suallarını da cavablandırıb.

- Ağır bir məğlubiyyət oldu. Bu isə sizin avrokuboklarda 100-cü oyununuza təsadüf etdi. Azərbaycan futbolunun tarixinə düşsəniz də klub ən böyük məğlubiyyətlərindən birini aldı...

- Danışılası bir şey yoxdur. Hesab hər şeyi deyir.

- "Qarabağ" bu rəqibə səfərdə 0:2 hesabı ilə uduzub. Bu gün nə baş verdi?

- Bu gün meydanda fərqli "Sportinq" oynayırdı. Bu məşqçi dəyişikliyindən sonra baş verib. Onu bilmirəm. Tam fərqli "Sportinq" gördük. Biz rəqibi analiz etmişdik. Kubok oyunlarını nəzərdə keçirdik və çox aqressiv və istəkli görünürdülər. Amma "Sportinq" belə oynamırdı. Səviyyə fərqi də çoxdur. Bu, meydanda açıq-aşkar görünürdü. Deyə bilmərəm ki, futbolçular oyunun əvvəlində mübarizə aparmadılar və istəkli deyildilər. Adamın bunu deməyə dili gəlmir. Rəqib ustalıq hesabına ani epizodlarda hər şeyi həll etdi.

- Azərbaycan millisinin Millətlər Liqasındakı Kosovoya məğlubiyyəti sizin matçınıza təsir etdimi?

- İnanmıram etsin. Onun bununla heç bir əlaqəsi yoxdur. Komanda olaraq ağır qrafiklə oynayırıq. Qarşıda 5 oyun qalıb. Toparlanıb və həmin qarşılaşmaları salamat oynayıb qış fasiləsindən sonraya hazırlaşmalıyıq. Hazırda sınmaq vaxtı deyil. çox acınacaqlı məğlubiyyət aldıq. Bizə yaraşmayan bir formada oldu. Heç ağlımıza da gəlməzdi. Doğma meydanda ən böyük hesablı məğlubbiyyətimizdir. Qapımıza vurduqları ilk 4 zərbə qolla nəticələndi. Bu il qapımıza nə gəlir qolla nəticələnir. Bizim ötən mövsümkü oyunlarımızda rəqiblərin qol epizodları olurdu. Rəqib istifadə eləmirdi, bizə də motivasiya gəlirdi. Biz də epizodlardan yararlanırdıq. Amma bu gün baxırıq ki, oyunumuz başqa cür gedir. Rəqiblərimiz də elədir ki, sanki çempionlar Liqasında oynayırıq. Keçən il çempionlar Liqasının qrupunda bizə belə çətinlik yaşadan oyun olmamışdı. 0:6 hesabı ilə uduzmuşduq, amma hansısa oyun bu qədər çətinlik yaşatmamışdı. "Vorskla" bizdən səviyyəcə aşağı komandadır. Onlara qarşı evdə elə də yaxşı oynaya bilməsək də, səfərdə qələbə qazandıq. Amma digər iki rəqibin səviyyəsi bizi aşır. Komanda şəklində ruhdan düşmək vaxtı deyil. Sona qədər mübarizə aparmalıyıq. Qarşıdakı çempionat və kubok oyunlarına köklənməliyik. Qışda isə özümüzə gəlməyə vaxtımız olacaq.

- "Qarabağ"ın qapıçıları kobud səhvlər edirlər. Komanda sabiq qapıçısı İbrahim Şehiç üçün darıxır?

- Kiminsə haqqına girmək istəmirəm. Komandada çatışmayan cəhətlər var. Hamımız bunu bilirik. Sadəcə düzəltməyə vaxt lazımdır. Bəzi şeyləri tez düzəltmək olmur.

- Demək olar ki, komanda ən zəif mövsümünü keçirir. Bu nə ilə bağlıdır?

- Buna çox səbəb gətirmək olar. İndi elə bir gündür ki, səbəb gətirmək vaxtı deyil. İnanıram ki, çatışmayan şeylərin hamısı zamanla düzələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest