"Əslində bu, bütün idmançılar üçün çox çətin idi. 80 günlük fasilə oldu. Heç vaxt futbol tarixində belə fasilə olmayıb. Hər kəs üçün çətindir, oyunçuların mikro-zədələri üzə çıxır"

"Uzun fasilədən sonra məşqlərə başladıq. Bu, bizim üçün xoşdur. çətin olsa da, hamımız bu günü gözləyirdik. Hələ ki, hər şey yaxşı gedir".
 
Bu sözləri açıqlamasında "Qəbələ"nin qapıçısı Anar Nəzirov deyib. 35 yaşlı qolkiper qapıçıların oyunçularla məşqini müqayisə edib. 
 
Kapitanın sözlərinə görə, karantin müddəti qapıçılar üçün daha çətin olub: "Əslində bu, bütün idmançılar üçün çox çətin idi. 80 günlük fasilə oldu. Heç vaxt futbol tarixində belə fasilə olmayıb. Hər kəs üçün çətindir, oyunçuların mikro-zədələri üzə çıxır. Bizdə sistem elədir ki, 20 gün ərzində hazırlaşmalıyıq, məşqçilər də futbolçuları ona uyğun hazırlayacaq. Bir və ya iki aylıq müddət üçün hazırlaşanda yavaş-yavaş etmək olur. Hazırda elədir ki, oyunçular 20 gün ərzində hazırlaşacaq və hansı formada olacaqlarsa Premyer Liqaya elə başlayacaqlar. Bu səbəbdən, yüklənmələr və çətinliklər var. Qapıçı elə mövqedir ki, qapıçılarla iş üzrə məşqçi olmadan hazırlaşa bilməz. Kimsə yanında olmalıdır ki, məşq edəsən. Futbolçu hardasa futbol oynaya bilir, biz buna "dır-dır" deyirik. Top çiləyir və müəyyən mənada hazır olur. Qapıçı ilə kimsə xüsusi işləməlidir".
 
Nəzirov fiziki durumunun yerində olduğunu və kökəlmədiyini sözlərinə əlavə edib. Heç vaxt belə probleminin olmadığını deyən təcrübəli qolkiper məşqlərdə hər şeyə riayət etdiklərini vurğulayıb: "Həkim hazırlıqdan öncə tövsiyələrini verir, biz də çalışırıq ki, deyilənlərə riayət edək. Amma nə qədər də olsa, bu, futboldur. İstər-istəməz bir-birimizlə yaxın təmasda olur, ikitərəfli oyun keçiririk. Ona görə də sosial məsafəni saxlamaq o qədər də rahat deyil".
 
Oyunçu həftəsonları qadağaların tətbiq olunmasının Premyer Liqaya təsirsiz ötüşməyəcəyini söyləyib: "Bu, dövlət qurumlarının verdiyi qərardır və hamımız riayət edirik. Bizdən asılı olan bir şey deyil. 3-4 gündür ki, məşqə başlamışıq, amma yenə iki gün olmayacaq. Artıq bizim üçün hər şey çətinləşir. Amma əsas insanların sağlamlığıdır. Azərbaycan və bütün dünya tezliklə bu bəladan xilas olsun. İyunun 21-də çempionata başlamaq çox çətin olacaq. Premyer Liqanın teleyi ilə bağlı qərarı müvafiq qurumlar verməlidir. Bizə nə desələr, onu edəcəyik. ölkədə bir az da sərtləşdirmə olsa, çempionatı yekunlaşdırmaq daha yaxşı olar". 
 
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. Azərbaycanda qadağaların 6-7 iyunda və 13 - 15 iyunda tətbiqi nəzərdə tutulur. (report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest