İspaniya futbolunda koronavirus pandemiyasına görə yaranmış 3 aylıq fasilə başa çatıb.
 
Matc.az xəbər verir ki, bu gün sözügedən ölkənin 2-ci liqasında (Sequnda) 20-ci turdan təxirə salınmış bir qarşılaşma keçirilib.
 
"Rayo Valyekano" öz meydanında Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete" ilə qarşılaşıb.
 
Əslində, bu qarşılaşma ötən ilin dekabr ayının 15-də keçirilmişdi. Lakin məhz Eddinin ilk hissənin sonlarında qırmızı vərəqə ilə meydandan qovulduğu həmin görüş zamanı yerli fanatların "Albasete"nin hücumçusu Roman Zozulya ilə bağlı rasist şüarlar səsləndirməsi səbəbindən qarşılaşma yarıda dayandırılmışdı.
 
Nəhayət, 6 ay sürən fasilədən sonra həmin qarşılaşmanın davamı baş tutub. Bu, İspaniyada loronavirus pandemiyasından sonrakı ilk rəsmi futbol matç kimi tarixə düşüb. "Rayo Valyekano" - "Albasete" görüşü həm də İspaniya futbol tarixinin ən uzun matçı kimi tarixə keçib. Qarşılaşma isə "Rayo Valyekano"nun 61-ci dəqiqədə vurduğu yeganə qolla meydan sahiblərinin xeyrinə başa çatıb. Pandemiya ilə əlaqədar matç azarkeşsiz keçirilib.
 
Qeyd edək ki, iyunun 11-dən etibarən La Liqada da 2019/20 mövsümü bərpa olunacaq. 28-ci turun açılış oyunu "Sevilya" ilə "Betis" arasında baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest