"Təəssüf ki, məcburi fasilə çox uzun alındı. 3 aylıq müddətdən sonra formanı tədricən bərpa etmək üçün bu cür hazırlıq oyunlarının keçirilməsi çox vacibdir".
 
Matc.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Miçel Madera koronavirus pandemiyası ilə bağlı fasilədən sonra "Sabah"la keçirdikləri yoxlama oyunu (5:0) barədə danışarkən deyib.
 
İspaniyalı yarımmüdafiəçi bildirib ki, bu cür matçların Azərbaycan Premyer Liqasının bərpası ərəfəsində futbolçulara müsbət təsiri olacaq. 35 yaşlı oyunçu ilk sınaq oyununda çox da çətinlik çəkmədiklərini söyləyib.
 
Miçelin sözlərinə görə, futbolçularda virusla bağlı qorxu olmasa da, məsələyə ciddi yanaşırlar: "Hamımız virusun dünyanı necə silkələdiyinin şahidi olduq. Hələ də bu proses davam edir. Xüsusilə də İspaniya bundan ən çox zərər görən ölkələrdən biridir. Minlərlə insan həyatını itirdi. Ona görə də hər kəsin qorunmağa çalışması, əllərini tez-tez yuması, məsələyə ciddi yanaşması normaldır. Bunu qorxu adlandırmazdım".
 
Legioner oyunçu ölkədə həftə sonu tətbiq olunan sərt karantin rejiminin komandaların işini çətinləşdirdiyini vurğulayıb: "çempionatın bərpasına bir həftə qalıb. 3-4-5 gündən bir oyun keçiriləcəksə, bizim üçün hazırlaşmaq asan olmayacaq. Nəzərə alaq ki, hər matçdan sonra növbəti gün bərpa məşqi keçmək vacib şərtlərdən biridir. Bundan əlavə, taktiki çalışmalar, növbəti oyuna hazırlıq üçün vaxt lazım olur. Belə şərtlər altında məşq etmək çətinlik yaradacaq. Bunlar mənim şəxsi fikrimdir. ümid edək ki, vəziyyət yaxşılığa doğru dəyişəcək və məhdudiyyətlər aradan qalxacaq".
 
Miçelin fikrincə, hazırkı vəziyyətdə çempionatı davam etdirmək təhlükəlidir: "Futbolçular normal şərtlər altında, hər hansı yoluxma təhlükəsi olmadığı halda çempionatın davamının tərəfdarıdırlar. Amma, təəssüf ki, son həftələrdə virusa yoluxanların sayında çoxalma müşahidə edilir. üstəlik, həftəsonları sərtləşdirilmiş karantin rejimi tətbiq olunur. Bunun nə qədər davam edəcəyini bilmirik. Təbii ki, belə bir şəraitdə futbol oynamaq təhlükəlidir. Futbolçuların, digər insanların yoluxma riski olduğu üçün çempionatın bərpası çətin görünür. Amma istənilən halda buna qərar vermək mənim səlahiyyətimdə deyil. ümid edirəm ki, federasiya doğru olan addımı atacaq".
 
Miçel "Qarabağ"da qalıb-qalmayacağı ilə bağlı suala isə belə cavab verib: "öncə onu deyim ki, hələ klubla 1 illik müqaviləm var. Ona görə də rəhbərliklə aramızda müqavilə barədə söhbət olmayıb".
 
Qeyd edək ki, Miçel 2015-ci ildən "Qarabağ"ın formasını geyinir. O, Ağdam təmsilçisindən əvvəl ölkəsində "Sportinq" (Xixon), "Xetafe", İngiltərədə "Birmingem" və İsraildə "Makkabi" (Hayfa) klublarında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest