"Karantinin sərtləşməsindən sonra belə bir qərarın olacağını təxmin edirdik. Bilirdik ki, bu şərtlər altında futbol oynamaq çətin olacaq. Həm klubların maddi çətinliyi, həm də yoluxmanın artması belə bir qərarın verilməsinə səbəb olub".

Bu sözləri matc.az saytına "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının vaxtından əvvəl dayandırılmasına münasibət bildirərkən deyib. Gənc mütəxəssis AFFA İcraiyyə Komitəsinin verdiyi qərarın doğru olduğunu bildirib:

"Hamımız futbolun oynanılmasını istəyərdik. Ancaq daha vacib durumlar var idi, rəhbərlik də onun üzərində dayandı. Qərarı doğru hesab edirəm".

Hacıyev komandasının çempionatı 7-ci pillədə tamamlamasına rəğmən, avrokubok şanslarını davam etdiyini xatırladıb: "Bu qərarla avrokuboklardan kənar qaldıq. Ancaq Avroliqa şansımızı sona qədər qoruyub saxlamışdıq. Halbuki çempionat başlayanda belə bir iddiamız yox idi. çünki həmin vaxt çoxlu problemlərimiz vardı. Futbolçularımız layiqli mübarizə apardılar. Bu gün avrokuboklara gedən komandalar da ora layiqdirlər. Ona görə də qərara hörmətlə yanaşır və təmsilçilərimizə uğurlar arzulayıram".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest